NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

 

S Ə R Ə N C A M I 

 

Görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı

Sidqinin 150 illik yubileyinin keçirilməsi və xatirəsinin

əbədiləşdirilməsi haqqında

 

 

            2004-cü il mart ayının 22-də Azərbaycan maarifçilik hərəkatının və ədəbiyyatının inkişafında böyük xidmətləri olan Məhəmməd Tağı Sidqinin 150 illik yubileyi tamam olur.

 

            1854-cü ildə Ordubadda anadan olan Məhəmməd Tağı Sidqi ilk təhsilini Molla Məhəmməd Tağı adlı axundun məktəbində almış və sonra təhsilini Hüseyn Soltan mədrəsəsində davam etdirməklə klassik şərq poeziyasını və fəlsəfəsini öyrənmişdir. Maarifçilik fəaliyyəti dövründə məktəbdarlıq, ədəbiyyat, teatr və mətbuat sahələrində əvəzsiz xidmətlər göstərən Məhəmməd Tağı Sidqi təkcə Azərbaycanda deyil, Yaxın Şərq ölkələrində də tanınmışdır.

 

            Məhəmməd Tağı Sidqinin 1892-ci ildə Ordubadda açdığı “Əxtər” (“Ulduz”) və 1894-cü ildə Naxçıvanda yaratdığı “Tərbiyə” məktəbləri Azərbaycanda milli və dünyəvi məktəbin genişlənməsinə, maarifçilik hərakatının inkişafında mühüm töhfələri vermişdir. Burada tədris olunan fənlər, keçirilən ədəbi-maarifçi tədbirlə, xüsusən Sidqinin hazırladığı “Əxlaq nümunələri”, “Qızlara hədiyyə”, “Müxtəsər coğrafiya risaləsi” kimi mükəmməl elmi-pedaqoji dəyərə malik olan dərsliklər ictimai mühitin tədricən maarifləşməsinə, yeni nəslin formalaşmasına təsir göstərmişdir. Azərbaycanın görkəmli mütəfəkkirləri, yazıçı, şair və tədqiqatçıları olan Hüsyn Cavid, Əziz Şərif, Əliqulu Qəmküsar, Rza Təhmasib, Əli Səbri və başqaları Məhəmməd Tağı Sidqinin məhşur  “Tərbiyə” məktəbində yetişmişlər. Təsadüfi deyil ki, Cəlil Məmmədquluzadə bu məktəbi “böyüklər üçün darül-ürfan”-yəni akademiya adlandırmışdır.

 

            Məhəmməd Tağı Sidqi Azərbaycan maarifçi-realist ədəbiyyatının yaradıcılarından biri kimi də tanınmışdır. Ədibin qələmindən çıxmış “Mədəniyyət məsnəviləri”adlı iri həcmli poetik mənzumə, “Heykəli-insana bir nəzər” ədəbi-fəlsəfi əsəri, maarifçi öyüdnamələr, “Kəblə Nəsr”, “İki tərbiyə üsulu”, “Ədəbli uşaq”, “Məktəbə gedən uşaq”, “Məktəbə davam edən uşaq”, “Analar bəzəyi” hekayələri, 300-dən çox şeri maarifçi ədəbiyyatın dirçəlməsində xüsusi əhəmiyyətə malik olmuşdur. Bu qiymətli ədəbi irsin bir çox nümunələrindən bu gün də məktəb dərsliklərində istifadə edilir. 

           

            Naxçıvan teatrının ilk yaradıcılarından olan Məhəmməd Tağı Sidqi bu teatrın inkişafı məsələləri ilə yaxından məşğul olmuşdur. 1894-1899-cu illərdə “Dram Cəmiyyəti” üzvləri ilə birlikdə M.F.Axundovun “Hekayəti-molla İbrahimxəlil kimyagər”, ”Sərgüzəşti-mərd-xəsis”, “Sərgüzəşti-vəzirixani-Lənkəran” komediyalarının Naxçıvan xanı Rəhim xanın evində tamaşaya qoyulmasına nail olan Məhəmməd Tağı Sidqi M.F.Axuvdovun “Hekayəti müsyo Jordan-həkimi-nəbatat və dərviş Məstəli şah-cadüküni-məşhur” komediyasına rejissorluq etmişdir. Böyük pedaqoq və maarifçi bu yolla milli teatrın imkanlarını xalqın maariflənməsinə, ictimai-mədəni tərəqqiyə  cəlb etmişdir. O, Avropa, rus, və Şərq mətbuatı ənənələrini öyrənib tətbiq etmiş, geniş içtimai və maarifçilik fəaliyyəti göstərmişdir.

 

Azərbaycanın ümummilli lideri Möhtərəm Heydər Əliyev Naxçıvan mühitinin formalaşmasında Məhəmməd Tağı Sidqinin fəaliyyətini yüksək qiymətləndirərək demişdir: “Naxçıvanda təhsilin, ümumiyyətlə, mədəniyyətin inkişafında mütəfəkkir Məhəmməd Tağı Sidqinin böyük rolu olmuşdur”  

 

Məhəmməd Tağı Sidqinin Azərbaycan realist ədəbiyyatının inkişafında müstəsna rolunu, məktəb, teatr və mətbuat sahəsindəki xidmətlərini nəzərə alaraq qərara alıram:

 

1.Görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin 150 illik yubileyi Naxçıvan Muxtar Respublikasında geniş qeyd edilsin.

 

2.Naxçıvan Dövlət Kukla Teatrına Məhəmməd Tağı Sidqinin adı verilsin.

 

3. Məhəmməd Tağı Sidqinin 150 illik yubileyinin keçirilməsi üçün hazırlanmış tədbirlər planı təsdiq edilsin (Tədbirlər planı əlavə olunur)

 

4.Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

5.Bu sərəncam dərc olunduğu gündən qüvvəyə minir. 

 

 

            Naxçıvan Muxtar Respublikası

            Ali Məclisinin Sədri                                   VASİF TALIBOV 

 

 

            Naxçıvan şəhəri, 11 mart 2004-ci il

            ¹ 128-01/S

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi

Sədrinin 2004-cü il 11mart tarixli 128-01/S

nömrəli Sərəncamı ilə təsdiq edilmişdir

 

 

Məhəmməd Tağı Sidqinin 150 illik yubileyinə

həsr olunmuş

 

Tədbirlər planı

 

S/¹

Tədbirlər

İcraçı

Məhsul şəxs

İcra müddəti

1.

Məhəmməd Tağı Sidqinin 150 illiyinə həsr edilmiş yubiley tədbirinin keçirilməsi

 

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi

Zahid Əzimov

2004-cü il

2.

AMEA-nın Naxçıvan bölməsində, Naxçıvan Dövlət Universiteti və Müəllimlər İnstitutunda M.T. Sidqinin 150 illik yubileyinə həsr olunmuş elmi simpoziumların keçirilməsi.

AMEA-nın Naxçıvan bölməsi, Naxçıvan Dövlət Universiteti və Müəllimlər İnstitutu

İsmayıl Hacıyev, İsa Həbibbəyli,

SadıqVəliyev

Mart-May

2004-cü il

3.

Naxçıvan şəhəri Azadlıq prospekti 3-də yerləşən kino teatrın əsaslı şəkildə bərpa olunması və M.T. Sidqi adına Naxçıvan Dövlət Kukla teatrının yeni binaya köçürülməsi

Naxçıvan Muxtar Respublikası Dövlət Tikinti və Memarlıq Komitəsi, Mədəniyyət Nazirliyi

Asəf Məmmədov,

Vüqar Səfərov,

Nizami Həmzəyev

Aprel-Sentyabr,

2004-cü il

4.

Naxçıvan şəhərində M.T.Sidqinin adını daşıyan küçənin və məzarının abadlaşdırılması

Naxçıvan şəhər İcra hakimiyyəti

Vüqar Səfərov

Mart,

2004-cü il

5.

Ümumitəhsil məktəblərində M.T.Sidqinin 150 illik yubileyi ilə əlaqədar tədbirlərin keçirilməsi

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi

Həmzə Cəfərov

Mart-May 2004-cü il

6.

C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat muzeyində, M.T.Sidqi adına Naxçıvan şəhərindəki 4 və Ordubad şəhərindəki 1 nömrəli orta məktəblərdə M.T.Sidqinin həyat və fəaliyyətinin əks etdirən guşələrin yaradılması

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Təhsil Nazirlikləri

Nizami Həmzəyev, Həmzə Cəfərov

Aprel, 2004-cü il

7.

M.T.Sidqinin seçilmiş əsərlərinin toplanıb çap olunması

Naxçıvan Dövlət Universiteti

İsa Həbibbəyli

 

Sentyabr,

2004-cü il

8.

“Naxçıvan” ictimai-siyasi, ədəbi-bədii, elmi-publisitik jurnalın bir nömrəsinin Məhəmməd Tağı Sidqiyə  həsr olunması

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi

Fərqanə Kazımova

Aprel, 2004-cü il

9.

Naxçıvan Muxtar Respublikasının kütləvi informasiya vasitələrində M.T.Sidqinin ədəbi, elmi və pedaqoji fəaliyyətinin araşdırılaraq işıqlandırılması

Naxçıvan Muxtar Respublikasının Dövlət Televiziya və Radio Verlişləri Komitəsi,“Şərq qapısı” qəzeti

Hüseyn Əsgərov

Mart-Oktyabr 2004-cü il