left Heydər Əliyev Muzeyi right
 
 
left right
left Menyu right
 
 
left right
    Az     En     Ru

Linklər

Əlaqə

 

ŞƏFA BULAQLARI
 

       Naxçıvan Muxtar Respublikasının zəngin təbii ehtiyatlarından biri də onun şəfa bulaqları, mineral sularıdır. Muxtar respublika ərazisində 250-dən çox şəfalı mineral su bulağı vardır ki, bunların bir çoxundan müalicə məqsədi və süfrə suyu kimi istifadə olunur.    

         Sirab mineral su yatağı Babək rayonu ərazisində, Naxçıvan şəhərindən 18 kilometr şimal-şərqdə, Sirab kəndindən 3 kilometr şimalda, dəniz səviyyəsindən 1100 metr hündürlükdədir. Sirab (sirli su), yaxud Sərab (baş su) suyu qədim zamanlardan məşhur olmuş, mühüm müalicə vasitəsi kimi tanınmışdır. Yataqda kimyəvi tərkibinə görə fərqlənən 3 tip su aşkar edilmişdir.  

         I tip kimyəvi tərkibinə görə az minerallaşmış, karbon qazlı, hidrokarbonatlı, kalsiumlu-natriumludur. «Narzan» (Kislovodsk) tipli sulara yaxındır.  

         II tip kimyəvi tərkibinə görə karbonqazlı, orta dərəcədə minerallaşmış, hidrokarbonatlı, natriumludur. «Borjomi» (Gürcüstan) tipli sulara yaxındır. 

         III tip kimyəvi tərkibinə görə karbon qazlı, mərgümüşlü, yüksək dərəcədə minerallaşmış, hidrokarbonatlı-xlorlu, natriumludur. Saxalindəki «Sineqorsk» və Culfadakı «Darıdağ» tipli sulara uyğundur.  

         Sirab mineral suyundan mədə-bağırsaq, qaraciyər və sair xəstəliklərin müalicəsində istifadə olunur.  

         Badamlı mineral su yatağı Şahbuz rayonu ərazisində, Badamlı kəndindən 3 kilometr cənub-qərbdə, dəniz səviyyəsindən 1274 metr hündürlükdə yerləşir. Badamlı mineral su yatağı bir neçə bulaqdan ibarət qrup təşkil edir. Suyun kimyəvi tərkibi karbon qazlı, hidrokarbonatlı-xlorlu natriumlu-kalsiumludur. «Narzan» (Kislovodsk), «Saqveri» (Gürcüstan) suları tiplidir.     

         Vayxır mineral su yatağı Babək rayonu ərazisində, Naxçıvan şəhərindən 18 kilometr şimalda, Vayxır kəndinin şimal-qərbində, dəniz səviyyəsindən 1100 metr hündürlükdədir. Bir neçə bulaqdan ibarət qrup təşkil edir. Mərkəzi hissədəki quyularda 2 tip su aşkar edilmişdir. 

         I tip «Yesentuki» tipli, orta dərəcədə minerallaşmış karbon qazlı, hidrokarbonatlı-xlorlu, natriumlu-kalsiumludur.  

         II tip «Sirab» və «Soymi» tipli, karbon qazlı, az minerallaşmış hidrokarbonatlı-kalsiumlu-natriumludur.  

         Mineral sudan qaraciyər (hepatit), öd kisəsi yolları iltihabı, xroniki qastrit, xroniki kolit və sair xəstəliklərin müalicəsində istifadə oluna bilər.    

         Gülüstan mineral suyu Culfa rayonunun ərazisində, Gülüstan kəndindən 2,5 kilometr aralı, Əlincəçay məcrasındadır. Mineral su 1962-ci ildə qazılmış və dərinliyi 135 metr olan quyudan çıxır. Su karbon qazlı, az minerallaşmış, hidrokarbonatlı - natriumlu - kalsiumlu - maqneziumludur. «Kislovodsk» (Rusiya) və Babək rayonundakı «Sirab» suları tiplidir. Mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə edilir. 

         Darıdağ mineral su yatağı  Culfa rayonu ərazisində, Culfa şəhərindən 8 kilometr şimal-şərqdə Darıdağın ətəyində, dəniz səviyyəsindən 800-900 metr hündürlükdədir. 5 bulaq 32 kəşfiyyat quyusundan ibarətdir. Yatağın suyu karbon qazlı, mərgümüşlü, yüksək minerallaşmış xlorlu-hidrokarbonatlı-natriumludur; «Kudova» (Polşa), «Lya-Burbul» (Fransa), «Dürkgeym» (Almaniya), «Sineqorsk» (Rusiya) sularının analoqudur.   

         Əshabi-Kəhf mineral su yatağı Babək rayonu ərazisində, Qahab kəndindən 6 kilometr cənub-şərqdə, Naxçıvan şəhərindən 12 kilometr aralı, Əshabi-Kəhf dağının ətəyindədir. Hər 15 dəqiqədən bir qaynayıb köpüklənir. Su radonlu, karbon qazlı, az minerallaşmış, hidrokarbonatlı - xlorlu - sulfatlı, natriumlu - kalsiumludur. Rusiya Federasiyasındakı «Pyatiqorsk» suyunun analoqudur. Revmatizm xəstəliklərinin müalicəsində istifadə olunur. 

         Nəhəcir mineral suyu Culfa rayonunun ərazisində, Nəhəcir kəndi yaxınlığında, Naxçıvan şəhərindən 17 kilometr aralı, dəniz səviyyəsindən 1700 metr hündürlükdədir. Su karbon qazlı, az minerallaşmış, hidrokarbonatlı, natriumludur. Kimyəvi tərkibinə görə «Yessentuki» tipli olub, mədə-bağırsaq xəstəliklərində əvəzolunmaz vasitədir.

         Tivi mineral su bulağı Ordubad rayonu ərazisində, Tivi kəndinin ətrafındadır. Bir neçə çıxışdan ibarətdir. Su karbon qazlı, az minerallaşmış, hidrokarbonatlı, kalsiumlu, maqneziumludur. «Narzan» tiplidir. Daxili xəstəliklərin müalicəsində istifadə etmək məsləhətdir. 

         Sirab, Badamlı, Gülüstan mineral suları eyni zamanda sufrə suyu kimi istehsal edilir.