Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Riçard Morninqstar

Naxçıvanın görməli yerləri, tarixi abidələri ilə tanış olub

   

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində dünən muxtar respublikamızın tarixi abidələri, görməli yerləri ilə tanış olub. Səfirə Naxçıvan şəhərindəki Açıq Səma Altında Muzey, Möminə xatın məqbərəsi, Nuh peyğəmbərin məzarüstü türbəsi, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın qədim tarixi haqqında ətraflı məlumat verilib.

Amerikalı diplomat mətbuata müsahibəsində səfərin əsas məqsədinin Naxçıvanla tanışlıq olduğunu deyib: “Bu, mənim Naxçıvana ilk səfərimdir. Xüsusi olaraq vurğulamalıyam ki, qədim tarixə malik Naxçıvan Azərbaycanın dilbər guşələrindən biridir. Bura səfər bizdə – həm məndə, həm də həyat yoldaşımda xoş təəssüratlar yaratdı.

Bundan başqa, biz istəyirik ki, Naxçıvanla Amerika Birləşmiş Ştatları səfirliyi arasında, xüsusilə təhsil və səhiyyə sahəsində əməkdaşlığımızı daha da gücləndirək və genişləndirək. Biz muxtar respublikanın görməli yerləri, səhiyyəəssisələri ilə tanış olduq, Naxçıvan Dövlət Universitetində görüşlər keçirdik. Təhsil sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdik. Naxçıvan Dövlət Universiteti ilə distant təhsil, yəni videobağlantı vasitəsi ilə təhsil  imkanlarından da danışdıq. Bakıda yerləşən Amerika Mərkəzində təşkil edilən mühazirələrə universitetin qoşulması imkanları barəsində müzakirələr apardıq. Naxçıvan Dövlət Universitetindəki Ernest Heminquey Mərkəzinin işi ilə bağlı əməkdaşlıq imkanlarını dəyərləndirdik. Eyni zamanda ABŞ səfirliyi vasitəsi ilə tələbə, pedaqoq və mütəxəssislərin qarşılıqlı mübadilə imkanlarını da müzakirə etdik”.

Amerikalı diplomat Naxçıvanda demokratiyanın inkişafını yüksək qiymətləndirib.

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin muxtar respublikamıza səfəri noyabrın 1-də başa çatıb.