Naxçıvan Dövlət Universitetinin tələbə yataqxanası, qonaq evi

və Tələbə Sosial Xidmət Mərkəzi istifadəyə verilmişdir

   

       Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafında təhsilin xüsusi yeri vardır. Muxtar respublikamızda təhsilin məzmunca yeniləşdirilməsi,  təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilir. Təhsilin inkişafına göstərilən diqqət və qayğıdan Naxçıvan Dövlət Universitetinə də xeyli pay düşmüş, bu ali təhsil ocağında genişmiqyaslı quruculuq işləri aparılmışdır.

       Fevralın 28-də Naxçıvan Dövlət Universitetinin 452 yerlik tələbə yataqxanası, qonaq evi və Tələbə Sosial Xidmət Mərkəzi istifadəyə verilmişdir.

       Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində çıxış edərək demişdir: Təhsil, eləcə də ali təhsil hər bir cəmiyyətin həyatında mühüm əhəmiyyətə malikdir. Bu bir həqiqətdir ki, təhsil olmadan inkişaf mümkün deyil. On doqquzuncu əsr ədəbiyyatımızda, ictimai və fəlsəfi fikir tariximizdə özünəməxsus yeri və xidmətləri olan böyük mütəfəkkir Mirzə Fətəli Axundzadə yazırdı ki, “oxumuşların sayı çox olan ölkələrdə təfəkkür sahiblərinin də sayı çox olar. Təfəkkür sahiblərinin sayı çox olduğu ölkələrdə həyatın bütün sahələrində xalq gündən-günə tərəqqi edib inkişafa qovuşar”.

       Bu inkişafı doğma Azərbaycanımızın timsalında aydın görmək mümkündür. Ötən əsrin 70-ci illərində xalqımızın təhsillənməsi, gənc kadrların hazırlanması, maarif müəssisələri şəbəkəsinin genişləndirilməsi sahəsində görülən işləri “əhəmiyyətli tədbirlər” kimi yüksək dəyərləndirən, milli tərəqqidə, müstəqil dövlət quruculuğunda təhsilin əvəzsiz rolunu xüsusi vurğulayan ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Təhsil sisteminin nə qədər dəyərli olduğunu ondan görmək olar ki, Azərbaycanda yüksək savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edirlər. Əgər bunlar olmasaydı, Azərbaycan iqtisadiyyatı belə güclü inkişaf edə bilməzdi. Bunlar olmasaydı, Azərbaycan elmi inkişaf   edə bilməzdi. Bunlar olmasaydı, biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik”.

       Ümummilli liderimizin müəyyənləşdirdiyi təhsil strategiyası bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Ölkə rəhbəri dəfələrlə bildirib ki, Azərbaycanda milli tərəqqi, gələcək inkişafın əsasının qoyulması elm və təhsilin inkişafından, gənclərin müasir biliklərə yiyələnməsindən asılıdır.

       Ali Məclisin Sədri ölkəmizdə ali təhsillilərin sayının artımı ilə yanaşı ali təhsil ocaqlarında da ciddi infrastruktur dəyişikliyinin baş verdiyini bildirmişdir. Qeyd olunmuşdur ki, son illər Naxçıvan Dövlət Universitetində bütöv bir şəhərcik formalaşmış, yeni tədris korpusları, elektron kitabxana, xəstəxana, botanika bağı, konservatoriya, olimpiya tipli idman mərkəzi yaradılmış, kabel televiziyası və simsiz internet şəbəkəsi istifadəyə verilmişdir. Burada yaradılan şəraitin, gənc kadrların yetişdirilməsi sahəsində qazanılan uğurların nəticəsidir ki, 2009-cu ildə ali məktəblərə qəbul imtahanlarında 500-700 intervalında bal toplayanlardan 95 nəfəri Naxçıvan Dövlət Universitetini seçmişdirsə, 2010-cu ildə onlardan 115-i Naxçıvan Dövlət Universitetinin tələbəsi adını qazanmışdır.

       Ölkəmizdə insan kapitalının formalaşmasında ali təhsilin rolu əvəzsizdir. Əgər orta məktəb insanı ümumiyyətlə həyata hazırlayırsa, ali məktəb onu bir peşəkar kimi, müəyyən bir sahənin mütəxəssisi kimi yetişdirir. Bu mənada ali məktəbə, ali təhsilin təşkilinə ciddi tələblər veririk. Ölkəmiz inkişaf etdikcə artan iqtisadi potensial ali məktəblərin daha da inkişaf etdirilməsinə imkan yaradırsa, öz növbəsində ali təhsil də iqtisadiyyatın artan tələbatlarına cavab verməli, xalq təsərrüfatı üçün mütəxəssis yetişdirilməsi missiyasını layiqincə yerinə yetirməlidir. Bu mənada ali təhsil ikiqat məsuliyyətli sahədir. Ona görə ki, söhbət xalqımızın və dövlətimizin gələcəyindən gedir. O gələcək isə burada -  ali məktəb auditoriyalarında hazırlanır.

       Göründüyü kimi, ali təhsil müəssisələrinin qarşısında ciddi vəzifələr dayanır. Gələcəyimiz olan gəncliyin yetişməsi, milli-mənəvi dəyərlərimizə sahib çıxması üçün məqsədyönlü işlər görülməli, vətənpərvərlik tərbiyəsi gücləndirilməlidir.

       Ali Məclisin Sədri demişdir: Muxtar respublikada təhsilə   diqqət, ali təhsilin inkişafı ilə bağlı görülən tədbirlər bu günədək hansı səviyyədə idisə, bundan sonra ondan da artıq səviyyədə davam etdiriləcəkdir. Gərək pedaqoji kollektivlər, ali təhsil ocaqlarının professor-müəllim heyətləri də əldə olunan nailiyyətlərlə kifayətlənməsinlər, daha məsuliyyətlə və tələbkarlıqla çalışsınlar.

       Bu məsul işdə hamınıza uğurlar arzulayır, yeni sosial sahələrin istifadəyə verilməsi münasibətilə təbrik edirəm.

       Cənubi Koreyadan olan “Beynəlxalq əlaqələrin tarixi və nəzəriyyəsi” ixtisası üzrə magistr Yaunq Myunq Qa, “Memarlıq” ixtisasının ikinci kurs tələbəsi, nigeriyalı Antoni Mokvunye, “Hüquqşünaslıq” ixtisasının birinci kurs tələbəsi Jalə İbrahimova, Banqladeşdən olan “Beynəlxalq münasibətlər” ixtisası üzrə ikinci kurs tələbəsi Xeyruz Zaman çıxış edərək tələbələrin sosial şəraitinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.

       Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli çıxış edərək demişdir ki, göstərilən dövlət qayğısı nəticəsində yeniləşən universitetimiz muxtar respublikamızdakı böyük intibahın əsas göstəricilərindən biridir. Naxçıvan Dövlət Universiteti möhkəm milli əsaslara malik olan, dünya universitetlərinə inteqrasiya edən müasirtipli ali təhsil ocağıdır. Artıq  Naxçıvan Dövlət Universiteti  Azərbaycandakı ən qabaqcıl elm, təhsil və mədəniyyət mərkəzlərindən birinə çevrilmişdir. Asiya Universitetləri Cəmiyyətinin, Avropa Rektorlar Klubunun üzvü olan, “Minilliyin universiteti” adını daşıyan bu ali təhsil ocağını Şərqdə və Qərbdə nəinki tanıyır, həm də dünya universitetləri ailəsinin üzvü kimi qəbul edirlər. Universitetdə bir çox beynəlxalq layihələr həyata keçirilir.  Bütün bunlar Naxçıvan Dövlət Universitetində milli təhsilin dünya təcrübəsi ilə əlaqələndirilməsinə  və inkişafına imkan verir. Universitetimizdə  bir gündə 3 obyektin istifadəyə verilməsi muxtar respublikada elmə, təhsilə göstərilən böyük diqqət və qayğının parlaq təzahürüdür.

       Naxçıvan Dövlət Universitetinin tələbə yataqxanası ölkəmizin ali təhsil sistemində müstəqillik dövründə istifadəyə verilən ilk yataqxana binası kimi mühüm tarixi əhəmiyyətə malikdir. Bu bina Azərbaycanda son 20 ilin ilk tələbə yataqxanası olmaqla yanaşı, memarlıq səviyyəsinə, daxilində yaradılmış nümunəvi şəraitə görə dünyanın inkişaf etmiş dövlətlərinin universitetlərindəki ən müasir yataqxana binaları ilə müqayisə oluna bilər. Tələbə Sosial Xidmət Mərkəzi isə mahiyyətinə görə nəinki ölkəmizdə, ümumiyyətlə, dünya universitetləri içərisində yenilikdir.

       Akademik İsa Həbibbəyli  Naxçıvan Dövlət Universitetinin inkişafına göstərilən diqqət və qayğıya görə ali təhsil ocağının çoxminli professor-müəllim və tələbə kollektivi adından ölkə Prezidentinə minnətdarlığını bildirmişdir.

       Açılışı bildirən rəmzi lent kəsildikdən sonra yataqxanaya baxış olmuşdur.

       Məlumat verilmişdir ki, 1977-ci ildə istifadəyə verilən yataqxana binasında indiyədək əsaslı təmir və yenidənqurma işləri aparılmamışdır. Binada ötən ilin mart ayından başlayaraq yenidənqurma işlərinə başlanılmış, əlavə olaraq ona bitişik ikinci korpus inşa edilmişdir.

       Yataqxana binası 2 korpusdan, 5 mərtəbədən ibarətdir. Bina  200 qız və 252 oğlan olmaqla 452 tələbə yerlikdir. Burada azərbaycanlı tələbələrdən başqa Türkiyədən, İrandan, Misirdən, Nigeriyadan, Cənubi Koreyadan, Banqladeşdən 40 nəfər tələbənin yaşaması da nəzərdə tutulmuşdur.

       Yataqxananın zirzəmisində qazanxana, oğlanlar və qızlar üçün hamam, camaşırxana, dərzi və istirahət otaqları yerləşir.

       Binanın birinci mərtəbəsində oxu zalları, istirahət otaqları, yataqxana özünüidarəetmə komissiyası, komendant üçün iş otaqları, tələbə şurası fəaliyyət göstərəcəkdir.

       Yataqxananın 2-ci, 3-cü, 4-cü və 5-ci mərtəbələrində yaşayış otaqları yerləşir. Hər bir mərtəbədə mətbəx fəaliyyət göstərəcəkdir. Otaqlar müasir mebel dəstləri, istilik sistemi, qaz, işıq, telefon və internet xətti ilə təmin olunmuşdur.  

       Universitetin qonaq evi də yataqxana binasının birinci mərtəbəsində yerləşir.

       Qonaq evində 2 lüks, 7 normal otaq vardır. Otaqlar müasir yataq və mebel avadanlıqları ilə təchiz edilmiş, burada ayrıca mətbəx yaradılmışdır. 

       Üçmərtəbəli binadan ibarət olan Tələbə Sosial Xidmət Mərkəzinin birinci mərtəbəsində kafeteriya, foto, aptek, rabitə evi, bərbərxana istifadəyə verilmişdir. Binanın ikinci mərtəbəsində inzibati hissə, yerli məhsulların satış mağazası, qadın gözəllik salonu, kompyuter zalı yerləşir. Üçüncü mərtəbədə isə müəllim və tələbələr üçün yeməkxana, tələbə ləvazimatları və geyim mağazası, kitab mağazası fəaliyyət göstərəcəkdir.  

       Binanı istiliklə təmin etmək üçün fərdi qazanxana quraşdırılmışdır.

       Tələbə Sosial Xidmət Mərkəzinin açılışında Naxçıvan Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Nargilə Əsədova və universitetin Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Elçin Əliyev tələbələrin müasir dünyagörüşlü, təhsilli gənclər kimi yetişdirilməsinə göstərilən diqqət və qayğıdan danışmışlar. Qeyd olunmuşdur ki, bu diqqət və qayğının müqabilində tələbələr yaxşı təhsil alacaq,  ölkəmizə layiqli vətəndaş  olmaq üçün yüksək ixtisaslı kadr kimi yetişəcəklər. Universitetimizin gəncləri ulu öndərimizin yoluna sadiq qalaraq muxtar respublikanın inkişafına öz töhfələrini verməyə çalışacaqlar.

       Ali Məclisin Sədri ilə səmimi söhbət zamanı universitetin müəllimləri ali təhsil ocağına göstərilən qayğının müqabilində gələcəyimiz üçün təhsilli, vətənpərvər, yüksək ixtisaslı kadrlar yetişdirəcəklərini bildirmişlər.

       Ali Məclisin Sədri Naxçıvan Dövlət Universitetinin qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcəyinə, birgə fəaliyyətin ölkəmiz üçün xeyirli olacağına, universitetin reytinqinin daha da yüksələcəyinə əminliyini bildirmişdir.

       Yataqxana binasının, qonaq evinin və Tələbə Sosial Xidmət Mərkəzinin ərazisində geniş abadlıq işləri aparılmış, yaşıllıqlar salınmış, müasir işıqlandırma sistemi quraşdırılmışdır. 

       Sonra Ali Məclisin Sədri universitetin “Beynəlxalq münasibətlər və xarici dillər” fakültəsində tədris prosesi ilə maraqlanmış, yeni yaradılmış “Beynəlxalq münasibətlər və enerji siyasəti”, “Diplomatiya” kabinələri ilə tanış olmuşdur.