Babək Rayon Elektrik Şəbəkəsinin inzibati binası və yarımstansiyası istifadəyə verilib

   

Muxtar respublikanın davamlı inkişafını xarakterizə edən amillərdən biri də enerji təhlükəsizliyinin təmin olunması və müasir elektroenergetika infrastrukturunun yaradılmasıdır. Elektrik enerjisinin istehsalı ilə yanaşı, onun istehlakçılara etibarlı və itkisiz çatdırılması da əsas məsələlərdəndir. 
İyunun 7-də Babək Rayon Elektrik Şəbəkəsinin yeni inzibati binası və yarımstansiyası istifadəyə verilmişdir. 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir. 
Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev çıxış edərək demişdir ki, muxtar respublikada energetika sisteminin inkişafı sahəsində ardıcıl tədbirlər görülür, enerji təchizatının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Yeni elektrik stansiyalarının istifadəyə verilməsinin və energetika təsərrüfatının müasir tələblər səviyyəsində qurulmasının nəticəsidir ki, istehlakçılar dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunurlar. Babək Rayon Elektrik Şəbəkəsinin yeni inzibati binasının və yarımstansiyasının istifadəyə verilməsi də muxtar respublikada elektroenergetika sisteminin inkişafı sahəsində görülən işlərin davamıdır. Namiq Paşayev göstərilən qayğıya görə muxtar respublika energetikləri adından Ali Məclisin Sədrinə minnətdarlıq etmiş, qarşıya qoyulan vəzifələrin icrasında səylərini əsirgəməyəcəklərinə söz vermişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Babək Rayon Elektrik Şəbəkəsinin yeni inzibati binasının və yarımstansiyasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: Ötən əsrin 90-cı illərində muxtar respublikada elektrik enerjisinə olan tələbat idxal hesabına ödənilirdi. Lakin ötən dövrdə ölkəmizdə energetikanın inkişafı sahəsində həyata keçirilmiş tədbirlərin tərkib hissəsi kimi Naxçıvan Muxtar Respublikasında da yeni su və günəş elektrik stansiyaları, modul elektrik stansiyası istifadəyə verilmiş, qaz-turbin elektrik stansiyası yenidən qurulmuşdur. İstehsal olunmuş elektrik enerjisinin istehlakçılara keyfiyyətli çatdırılması da diqqətdə saxlanılmış, yeni yarımstansiyalar tikilmişdir. Görülən işlərin nəticəsidir ki, bu gün muxtar respublikada elektrik enerjisinə olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir.

Ali Məclisin Sədri demişdir: Muxtar respublikada müasir elektrik avadanlıqlarından istifadə olunur. Həmin avadanlıqların uzunömürlü olması elektrik enerjisinin keyfiyyətli verilməsindən asılıdır. Bu da yarımstansiyaların müasir tələblər səviyyəsində qurulmasını zəruri edir. Həyata keçirilən bu işlər bir tərəfdən əhalini keyfiyyətli elektrik enerjisi ilə təmin edirsə, digər tərəfdən isə enerji itkisinin qarşısını alır. Muxtar respublikada energetika sahəsində görülən işlər, qurulan müasir yarımstansiyalar daxili imkanlar - ödənilmiş enerji haqqları hesabına həyata keçirilir. Ona görə də elektrik enerjisi haqqları bundan sonra da tam yığılmalı, enerjidən qənaətlə istifadə olunmalıdır. Bu gün istifadəyə verilən yarımstansiya Babək rayonunun elektrik istifadəçilərinin 20 faizinə xidmət göstərəcəkdir. Yarımstansiya üzrə tələbat yay aylarında 1,8, qış aylarında isə 1,2 meqavatdır. Quraşdırılan müasir avadanlıqlar imkan verəcəkdir ki, yarımstansiya uzun illər istehlakçılara keyfiyyətli xidmət göstərsin. Bu isə energetika sahəsində qazanılan nailiyyətdir. Qarşıda duran əsas vəzifə də əhalini keyfiyyətli elektrik enerjisi ilə təmin etməkdən, qurulanları qorumaqdan və onlardan səmərəli istifadə etməkdən ibarətdir.
Ali Məclisin Sədri inzibati binanın tikilməsində və yarımstansiyanın qurulmasında əməyi olanlara təşəkkür etmiş, qarşıya qoyulan vəzifələrin icrasında kollektivə uğurlar arzulamışdır. 
Açılışı bildirən lent kəsildikdən sonra binaya baxış olmuşdur. Bildirilmişdir ki, 35/10 kilovoltluq yarımstansiyanın idarəetmə otağı, 35 və 10 kilovoltluq qapalı paylayıcı quruluşlar, əməliyyat briqadası üçün otaqlar və bufet birinci mərtəbədə, iş otaqları və iclas zalı isə ikinci mərtəbədə yerləşir.
Yenidənqurma işləri aparılarkən yarımstansiyanı qidalandıran 35 kilovoltluq və yarımstansiyadan qidalanan 10 kilovoltluq elektrik verilişi xətlərinin yeri dəyişdirilmiş, bu məqsədlə 1,2 kilometr uzunluğunda 35 kilovoltluq, 1,8 kilometr uzunluğunda 10 kilovoltluq yeni xətlər çəkilmişdir. 8 meqavoltamper gücündəki yarımstansiyada hər biri 4 meqavoltamper gücündə 2 ədəd 35/10 kilovoltluq güc transformatorları, rele mühafizəsi və avtomatik qurğular ilə təchiz edilmiş kommutasiya aparatları quraşdırılmışdır. Həmçinin avadanlıqların normal iş prosesinə məsafədən nəzarətin həyata keçirilməsi üçün yarımstansiya optik kabellər və lazımi nəzarət qurğuları ilə təchiz edilmişdir.
Həyətdə də abadlıq işləri aparılmış, 2 anbar binası tikilmiş, yaşıllıq salınmışdır. 
Məlumat verilmişdir ki, muxtar respublikada yüksək gərginlikli elektrik xətlərinə xidmət göstərmək üçün Dövlət Energetika Xidmətinə yeni “Mercedes-benz” markalı xidməti avtomobil alınmışdır. 
Ali Məclisin Sədri istehlakçıların keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi, elektrik enerjisindən qənaətlə istifadə olunması və maarifləndirmə işlərinin görülməsi barədə tapşırıqlar vermişdir