Muxtar respublikanın sürətli sosial-iqtisadi inkişafı və həyata keçirilən geniş quruculuq işləri ulu öndər Heydər Əliyevin siyasi xəttinin təntənəsidir

   

Şahbuz rayonunun Keçili kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir

Ümummilli lider Heydər Əliyev ölkəmizdə güclü dövlət quruculuğu prosesinin əsasını qoymaqla Azərbaycanın yeni inkişaf strategiyasını müəyyənləşdirmişdir. Ulu öndər müstəqilliyin ilk illərində ölkədə mövcud olan xaos və anarxiyaya son qoymuş, uğurlu sosial-iqtisadi islahatlar həyata keçirməklə Azərbaycanı  hərtərəfli inkişaf edən dövlətlər sırasına çıxarmışdır. Dinamik və mütərəqqi dövlətçilik ənənələrinə malik olan Azərbaycanın bugünkü inkişafı Heydər Əliyev siyasi xəttinin təntənəsidir.

Muxtar respublikamızda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri, sürətli sosial-iqtisadi inkişaf strategiyası da məhz ulu öndərimizin müəyyənləşdirdiyi uğurlu siyasi xəttin bəhrəsidir. Muxtar respublikanın hər yerində olduğu kimi, Şahbuz rayonunda da genişmiqyaslı quruculuq işləri aparılır, rayon mərkəzi və kənd yaşayış məntəqələri müasir görkəm alır.

Dekabrın 9-da Şahbuz rayonunun Keçili kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir.

 

Yerli icra strukturlarına yüksək iş şəraiti yaradılır

Bu gün muxtar respublikanın kəndlərində həyata keçirilən kompleks quruculuq işləri – yeni kənd və xidmət mərkəzlərinin, müasir məktəb binalarının tikilməsi dövlətimizin regionların sosial-iqtisadi inkişafına, kəndlərin müasirləşməsinə göstərdiyi yüksək qayğının nəticəsidir. Artıq muxtar respublikanın ən ucqar dağ kəndlərində belə müasir sosial-xidmət şəraiti yaradılır, yeni inzibati binalar tikilir, icra strukturlarının fəaliyyəti təkmilləşdirilir.

Dekabrın 9-da Keçili Kənd Mərkəzinin açılışı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Nurəddin Quliyev bildirmişdir ki, Keçili kəndində istifadəyə verilən yeni sosial obyektlər Şahbuz rayonunda kəndlərin hərtərəfli inkişafına göstərilən qayğının əyani təzahürüdür. Kəndlərdə yaradılan şərait, insanlara göstərilən dövlət qayğısı onların torpağa bağlılıqlarını, qurub-yaratmaq əzmlərini daha da artırır. Keçili kəndinin sakinləri də kənd təsərrüfatının müxtəlif sahələri ilə məşğul olur, öz şəxsi təsərrüfatlarını genişləndirirlər. Bu il verilən kreditlər hesabına kənddə kartof əkini sahələri daha da genişləndirilmiş, bol məhsul istehsal olunmuş, yeni meyvə bağları salınmışdır. İcra başçısı kənddə yeni sosial obyektlərin istifadəyə verilməsinə görə rayon ictimaiyyəti adından minnətdarlığını bildirmiş, bundan sonra da qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirəcəklərinə söz vermişdir.

Ali Məclisin Sədri tədbir iştirakçılarını salamlamış, istifadəyə verilən yeni sosial obyektlər münasibətilə kənd sakinlərini təbrik edərək demişdir: Muxtar respublikamızda ucqar dağ kəndlərində yaşayan insanlar üçün hər cür şərait yaradılır. Keçili kəndi də bu yaşayış məntəqələrindəndir. Kənddə bütün mənzillər qazlaşdırılmış, elektrik enerjisinin fasiləsiz verilişi təmin edilmişdir. Keçili kəndində yaşayan 1888 sakindən 514-ü dövlət büdcəsindən əməkhaqqı, təqaüd və müavinət alır. Kənd təsərrüfatı ilə məşğul olan sakinlərə kreditlər verilir, fərdi təsərrüfat sahələri genişləndirilir. Bu gün Keçili kəndində kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası, qayğıya ehtiyacı olan bir ailə üçün fərdi yaşayış evi tikilərək istifadəyə verilir. Bununla yanaşı, kənddə bir sıra abadlıq işləri də aparılmış, rabitə və elektrik xətləri dəyişdirilmiş, Külüs-Keçili avtomobil yolu təmir edilmişdir. Həyata keçirilən bu tədbirlər sakinlərin rahat yaşamasına, gündəlik məişət tələbatlarının vaxtında ödənilməsinə şərait yaratmışdır. Dövlət qurumlarının fəaliyyətinin yaxşılaşdırılması isə insanlara göstərilən xidmətin səviyyəsini yüksəltməyə imkan verəcəkdir. Bütün bunlar isə dövlətimiz tərəfindən kəndlərin inkişafına göstərilən qayğı, insan amilinə verilən yüksək qiymətin əyani təzahürüdür.

“Ucqar dağ kəndlərində həyata keçirilən quruculuq işləri, yaradılan yüksək şərait dövlət-xalq birliyinin nəticəsidir”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, 2011-ci ilin may ayında Keçili kəndində təbii fəlakət baş vermiş, vətəndaşların mənzilləri torpaq sürüşməsi nəticəsində yararsız hala düşmüşdür. Ötən dövr ərzində kənddə təbii fəlakətin aradan qaldırılması istiqamətində mühüm işlər görülmüş, Külüs və Keçili kəndləri arasında yeni yaşayış məntəqəsi salınmış, tikilən mənzillərdə hər cür kommunal şərait yaradılmışdır. Bu mənzillər yaxın günlərdə sakinlərin istifadəsinə veriləcək. Təbii fəlakətdən zərər çəkən ailələr yeni ili yeni mənzillərində qarşılayacaqlar.

Ali Məclisin Sədri demişdir: Bu gün ölkəmizdə bütün sahələrdə qazanılan nailiyyətlər ulu öndərimiz Heydər Əliyevin siyasi xəttinin dövlət başçısı tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Bu siyasi xətt davam etdirilmədən ölkəmiz inkişaf edib tərəqqiyə qovuşa bilməz. Hamıya yaxşı məlumdur ki, ötən əsrin 90-cı illərində – yenicə müstəqillik qazandığımız bir dövrdə insanlar çətin şəraitdə yaşayırdı. Ölkədə aparılan uğursuz siyasət və iqtisadi tənəzzül vətəndaşlarda ümidsizlik və gələcəyə inamsızlıq yaratmışdı. Ulu öndərimizin Azərbaycanda ali hakimiyyətə qayıdışı ilə itirilməkdə olan müstəqilliyimiz daha da möhkəmləndirildi, mövcud olan bütün problemlər öz həllini tapdı. Bu gün Azərbaycanda ictimai-siyasi sabitlik, yüksək sosial-iqtisadi inkişaf müşahidə olunur. Dövlət başçısının həyata keçirdiyi uğurlu islahatlar nəticəsində bütün sahələrdə inkişaf və tərəqqi əldə olunub. Keçili kimi ucqar bir dağ kəndində kompleks quruculuq işlərinin aparılması da ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi islahatların daha bir göstəricisidir.

Ali Məclisin Sədri Keçili kəndində yaradılan şəraitdən lazımınca istifadə olunacağına, tikilənlərin, qurulanların qorunub saxlanacağına əminliyini bildirmiş, sakinlərə xoş və firavan həyat arzulamışdır.

Açılışı bildirən lent kəsildikdən sonra kənd mərkəzinə baxış olmuşdur.

Müasir memarlıq üslubunda inşa edilən kənd mərkəzi iki mərtəbədən ibarətdir. Mərkəzdə icra nümayəndəliyi, bələdiyyə, rabitə evi, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, baytarlıq məntəqəsi, kənd mədəniyyət evi, polis üçün otaq və 50 nəfərlik zal yerləşir.

Yeni tikilən kənd mərkəzində kitabxananın fəaliyyəti üçün nümunəvi şərait yaradılıb. Kitabxananın fondunda 1355 ədədi latın, 4647 ədədi isə kiril əlifbası ilə nəşr olunmuş 6002 kitab vardır.

Rabitə evində 384 nömrəlik yeni elektron ATS quraşdırılmışdır. Bu ATS-dən 273 evə telefon xətti çəkilmiş, rabitə xidmətinin səviyyəsi yüksəldilmişdir. Poçt bölməsində isə məktub və banderolların, teleqramların qəbulu və göndərilməsi, pul baratlarının qəbulu və ödənişi, qəzetlərin, müxtəlif növ danışıq və internet kartlarının satışı həyata keçiriləcək, kənd əhalisinə bank xidməti də göstəriləcəkdir.

Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının Keçili kəndində 185 üzvü vardır. Onlardan 77-si gənclər, 49-u isə qadınlardır. Ərazi ilk təşkilatı üçün kənd mərkəzində ayrıca iş otağı ayrılmışdır.

Binada baytarların fəaliyyəti üçün də lazımi şərait yaradılmış, baytarlıq məntəqəsi müvafiq dərman preparatları və avadanlıqlarla təmin olunmuşdur. Məntəqə Keçili kəndinə xidmət göstərir. Ali Məclisin Sədri yaradılan şəraitlə tanış olmuş, baytarlıq xidmətinin təşkili ilə bağlı müvafiq tapşırıqlar vermişdir.

Kənd mərkəzinin birinci mərtəbəsində fərdi qazanxana quraşdırılmış, həyətdə abadlıq işləri aparılmış, ağac və gül kolları əkilmişdir.

 

Səhiyyə xidmətinin səviyyəsi yüksəldilir
Keçili kəndində yeni həkim ambulatoriyasının açılışı olmuşdur

Muxtar respublikamızda insanların həyat şəraitinin yaxşılaşdırılması ilə  yanaşı, onların sağlamlıqlarının qorunması da diqqət mərkəzində saxlanılır, səhiyyə işi müasir tələblər səviyyəsində qurulur,  yeni tibb ocaqları tikilərək istifadəyə verilir.

Dekabrın 9-da Keçili kəndində yeni həkim ambulatoriyasının açılışı olmuşdur.

Ambulatoriyanın baş həkim əvəzi Ağabala Şəkərəliyev kənddə əhaliyə nümunəvi səhiyyə xidməti göstərəcəklərinə söz vermiş, yaradılan yüksək şəraitə görə kollektiv adından minnətdarlığını bildirmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yeni səhiyyə ocağının istifadəyə verilməsi münasibətilə həkim ambulatoriyasının kollektivini təbrik edərək demişdir: Yeni ambulatoriyanın fəaliyyətə başlaması kənddə sakinlərə lazımi tibbi xidmətin göstərilməsinə, profilaktika, peyvənd, müayinə və müalicə işinin vaxtlı-vaxtında aparılmasına imkan verəcəkdir. Tibbi xidmətin müasir tələblər səviyyəsində təşkili, səhiyyə maarifinin həyata keçirilməsi isə, öz növbəsində, insanların sağlamlığının qorunması və onların fəal həyat tərzi keçirməsi baxımından mühüm əhəmiyyət daşıyır. Ambulatoriyada çalışan tibb işçiləri də yaradılan hərtərəfli şəraitin müqabilində 1890 nəfərə yaxın kənd sakininə nümunəvi xidmət göstərməli, gigiyenik qaydalara əməl edilməsi istiqamətində səhiyyə maarifi işi düzgün təşkil olunmalı, hamilə qadınlara vaxtlı-vaxtında patronaj xidməti həyata keçirilməli, peyvənd işinə və ilkin tibbi yardımın təşkilinə diqqət artırılmalıdır.

Ali Məclisin Sədri həkim ambulatoriyalarının, feldşer-mama məntəqələrinin işinin düzgün qurulmasında rayon mərkəzi xəstəxanalarının üzərinə mühüm vəzifələrin düşdüyünü bildirərək demişdir ki, rayon mərkəzi xəstəxanaları kəndlərdə fəaliyyət göstərən səhiyyə müəssisələrinin dərman təchizatına, tibbi personalın biliklərinin daha da artırılmasına, səhiyyə xidmətinin yüksək səviyyədə təşkilinə  xüsusi diqqət yetirməli, lazımi köməklik göstərməlidirlər.

Sonra Ali Məclisin Sədri yeni həkim ambulatoriyasının açılışını bildirən rəmzi lenti kəsmişdir.

Məlumat verilmişdir ki, iki mərtəbədən ibarət olan həkim ambulatoriyasında 9 otaq vardır. Ambulatoriyada stomatoloq kabinəsi, doğuş, peyvənd, manipulyasiya, qeydiyyat və digər xidməti otaqlar yerləşir.

Baxış zamanı məlumat verilmişdir ki, ambulatoriya lazımi tibbi avadanlıqlar və dərman vasitələri ilə təmin olunmuş, peyvəndləri saxlamaq üçün soyuducu, təcili yardım və peyvənd çantaları qoyulmuşdur. Bir sözlə, sakinlərə nümunəvi səhiyyə xidməti göstərmək üçün burada hər cür şərait yaradılmışdır.

Həkim ambulatoriyasının yeni binası kənd mərkəzində quraşdırılan fərdi qazanxana vasitəsilə qızdırılacaqdır.

 

Keçili kəndində yeni ünvan – xidmət mərkəzi

Muxtar respublikanın kəndlərində aparılan kompleks quruculuq tədbirləri çərçivəsində inşa olunan xidmət mərkəzləri müasir görkəmi ilə seçilməklə yanaşı, insanların tələbatının ödənilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Xidmət mərkəzlərində bütün sanitar-gigiyenik qaydalara əməl olunur, ticarət standartlarına uyğun keyfiyyətli məhsullar satılır. Kənd sakinlərinin  gündəlik ərzaq və sənaye mallarına olan tələbatının kəndin özündə ödənilməsinə imkan verən bu mərkəzlər həm də yeni iş yerlərinin açılması baxımından əhəmiyyətlidir. 

Həmin gün Keçili kəndində yeni xidmət mərkəzi istifadəyə verilmişdir.

Ali Məclisin Sədri xidmət mərkəzinin açılışını bildirən lenti kəsmişdir.

Mərkəzdə sənaye və ərzaq malları mağazaları, ət satışı yeri istifadəyə verilmişdir. Burada ayaqqabı təmiri yeri, qadın gözəllik salonu və kişi bərbərxanası da yerləşir. Mərkəzdə 6 nəfər işlə təmin olunacaqdır.

Xidmət mərkəzinə baxışdan sonra Ali Məclisin Sədri kənd sakinləri ilə görüşmüşdür.

Kənd ağsaqqalı Camal Camalov Ali Məclis Sədrinin yüksək diqqət və qayğısı ilə Keçili kəndinin başdan-başa yeniləşdiyini, müasirləşdiyini bildirərək demişdir ki, bu qayğı bütün sakinlər tərəfindən böyük sevinc hissi ilə qarşılanır, onların qurub-yaratmaq əzmini daha da yüksəldir. Ucqar dağ kəndi olan Keçilidə həyata keçirilən quruculuq işləri, insanların rahatlığı üçün yaradılan belə yüksək şərait dövlət və cəmiyyət arasında olan inam və etibarın, sarsılmaz birliyin nəticəsidir. Bu birlik gələcəkdə də ölkəmizin sosial-iqtisadi və mədəni yüksəlişinə stimul verəcəkdir.

Ali Məclisin Sədri Keçili kəndinin inkişafına bundan sonra da lazımi qayğının göstəriləcəyini bildirmiş, kənddə həyata keçirilən kompleks quruculuq işlərinin davamı kimi növbəti ildə Külüs-Keçili avtomobil yoluna asfalt örtüyünün veriləcəyini qeyd etmişdir.

 

Keçili kəndində qayğıya ehtiyacı olan bir ailə yeni mənzillə təmin olunmuşdur

Hər bir ölkənin qüdrəti onun elan etdiyi məqsəd və vəzifələrin cəlbediciliyi ilə deyil, ilk növbədə, qarşıya qoyulan vəzifələrin real həyatda tətbiqi imkanları ilə ölçülür. Bu mənada Azərbaycan dövlətinin sosial siyasət xəttinin əsasında insan amilinə qayğı və onun yüksək həyat standartları səviyyəsində yaşayışı dayanır. Bu vəzifələr muxtar respublikamızda da uğurla yerinə yetirilir, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara hərtərəfli qayğı göstərilir.

Keçili kəndində sosial müdafiəyə və mənzilə böyük ehtiyacı olan bir ailə üçün yeni fərdi yaşayış evi tikilmişdir.

Dekabrın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yeni mənzilin açarını kənd sakini, birinci qrup əlil Azər Məmmədova təqdim etmişdir.

Azər Məmmədov və onun ailə üzvləri Ali Məclis Sədrinin himayəsi ilə onlar üçün yeni mənzilin tikilib istifadəyə verilməsinə, göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.

Ev 3 otaq və mətbəxdən ibarətdir. Burada hər cür məişət şəraiti yaradılmış, həyətdə abadlıq işləri aparılmış, ətraf hasarlanmışdır.

 

Kənd tam orta məktəbində təmir işləri aparılmışdır

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Keçili kənd tam orta məktəbinə gəlmiş, təhsil ocağında yaradılan şərait və tədrisin keyfiyyəti ilə maraqlanmışdır.

Məlumat verilmişdir ki, zəngin təhsil ənənə­lərinə malik olan Keçili kənd tam orta məktəbində hazırda 210 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 53 müəllim məşğul olur. 2010-2011-ci tədris ilində məktəbin məzunlarından 10-u ali məktəblərə, 1-i isə orta ixtisas məktəbinə qəbul olunmuşdur. Tələbə adını qazanan məzunlardan 3 nəfəri 500-700 intervalında bal toplamışdır. Bu il məktəbin birinci sinfinə 9 şagird qəbul olunmuşdur.

Məktəb binasında bu il təmir işləri aparılmış, sinif otaqlarının döşəməsi və qapıları dəyişdirilmiş, yeni istilik sistemləri çəkilmiş, tədrisin müasir tələblər səviyyəsində qurulması üçün lazımi şərait yaradılmışdır.

2 mərtəbəli məktəb binasındakı ayrı-ayrı fənn kabinələrində, kompyuter otağında, müəllimlər otağında, kitabxanada və idman zalında yüksək şərait vardır.

Məktəbin kitabxana fondunda 3000 latın qrafikalı dərslik və 2600 bədii ədəbiyyat vardır. Kitabxanada 1 ədəd kompyuter quraşdırılmışdır.

Məktəbin informasiya-kommunikasiya texnologiyaları ilə təminatına da diqqət yetirilmiş, 12 dəst kompyuter quraşdırılmış, 2 elektron lövhəli sinif yaradılmışdır. 

Müəllimlərlə səmimi söhbət zamanı Ali Məclisin Sədri məktəbdə lazımi tədris şəraiti­nin yaradıldığını bildirmiş, bu şəraitin müqabilində tədrisin keyfiyyətinin daha da yüksəldilməsinin vacibliyini qeyd etmişdir.

Məktəbin müəllimləri Keçili kəndində həyata keçirilən kompleks quruculuq işlərinin hər bir kənd sakini, eyni zamanda  ziyalılar tərəfindən böyük rəğbətlə qarşılandığını qeyd etmiş, yüksək qayğıya görə minnətdarlıqlarını bildirmişlər.

*   *   *

Keçili kəndində yeni sosial obyektlərin istifadəyə verilməsi ilə yanaşı, bir sıra abadlıq işləri də aparılmışdır. Belə ki, kənddə 30 ədəd yeni rabitə dirəyi basdırılmış, 800 metr müxtəlif tutumlu kabellər çəkilmiş, 26 ədəd elektrik dirəyi və 2000 metr elektrik xətti yenilənmiş, 1 ədəd 160 kilovoltamper gücündə transformator quraşdırılmışdır. Külüs kəndindən Keçili kəndinə qədər olan 4 kilometrlik yolda da təmir işləri aparılmış, yol yatağı genişləndirilmiş, 320 paqonometr suötürücü borular salınmış, yola qum-çınqıl qatı verilmiş və 320 metr məsafədə istinad divarı tikilmişdir.