Naxçıvan Muxtar Respublika Stadionu yenidənqurma işlərindən sonra istifadəyə verilmişdir

   

Avqustun 13-də Naxçıvan Muxtar Respublika Stadionunun yenidənqur-madan sonra açılışı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov demişdir ki, muxtar respublikada idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir. Son 15 ildə muxtar respublikada 2 Olimpiya İdman Kompleksi, 2 Üzgüçülük Mərkəzi, 1 Şahmat Mərkəzi, 1 Stend və Sportinq Atıcılıq Mərkəzi, 1 peyntbol meydançası, rayon mərkəzlərində şahmat məktəbləri, uşaq-gənclər idman məktəbləri, ümumtəhsil məktəblərində müasir idman zalları yaradılmış, 941 sadətipli idman avadanlıqları istifadəyə verilmişdir. Muxtar respublikada digər idman növləri ilə yanaşı, futbolun inkişafına da xüsusi diqqət yetirilir, futbol meydançaları tikilərək istifadəyə verilir. Yenidənqurmadan sonra istifadəyə verilən Naxçıvan Muxtar Respublika Stadionu da futbolun inkişafına öz töhfəsini verəcəkdir. Azad Cabbarov bundan sonra daha səylə çalışacaqlarını bildirmiş, yaradılan şəraitə görə idmançılar adından minnətdarlıq etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: “Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. İdman infrastrukturunun sürətli inkişafı, istedadlı idmançıların yetişməsi Azərbaycanı beynəlxalq idman yarışlarının keçirildiyi bir ölkəyə çevirmişdir. Muxtar respublikamızda da idmanın inkişafı diqqət mərkəzindədir. Blokadanın yaratdığı çətinliklərə baxmayaraq, muxtar respublikada idmanın bütün növləri inkişaf etdirilir. Yaradılan müasir infrastruktur beynəlxalq idman yarışlarının keçirilməsinə, muxtar respublika idmançılarının yarışlarda uğurla çıxış etməsinə səbəb olmuşdur. İdmanın inkişafı sahəsində görülən işlər idmanın kütləviliyinə nail olunması ilə nəticələnmişdir”.

“Dünyada futbol qədər tamaşaçı kütləsi toplayan, tamaşaçı marağına səbəb olan ikinci bir idman növü yoxdur”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, muxtar respublikanın ilk peşəkar futbol komandası olan “Araz-Naxçıvan” 1967-ci ildə yaradılmışdır. Komanda 1967-1988-ci illərdə keçirilən respublika çempionatlarında iştirak etmiş, 1987-ci ildə Azərbaycan çempionatında birinci yeri tutaraq çempion olmuşdur. Lakin ötən əsrin 90-cı illərinin ağır nəticələri “Araz-Naxçıvan” futbol komandasından da yan keçməmiş, komanda öz fəaliyyətini dayandırmışdır. Son illər muxtar respublikada futbol idman növünün maddi-texniki bazasının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər, gənc futbolçuların yetişdirilməsi “Araz-Naxçıvan” futbol komandasının yenidən təşkil olunmasına imkan vermişdir. Bu gün muxtar respublikada 800-ə yaxın yeniyetmə və gənc futbol idman növü ilə məşğul olur. Hazırda muxtar respublikada 23 stadion və mini-futbol meydançası fəaliyyət göstərir.

Ali Məclisin Sədri demişdir: “Araz-Naxçıvan” futbol komandasının yaradılması Naxçıvan Muxtar Respublika Stadionunda yenidənqurma işlərinin aparılmasını zərurətə çevirmişdir. 1964-cü ildə tikilən stadion 2000-ci ildə yenidən qurulmuş, tamaşaçı tutumu 12 min 800 nəfərə çatdırılmışdır. Lakin ötən müddətdə istifadə olunan stadionun yenidən qurulmasına ehtiyac yaranmışdır. Bu ilin may ayından etibarən stadionda yenidənqurma işlərinə başlanılmış və qısa müddətdə başa çatdırılmışdır. Bu gün stadionda “Araz-Naxçıvan” futbol komandası ilk oyununu keçirəcəkdir”. Ali Məclisin Sədri bu münasibətlə komandanın üzvlərini və futbolsevərləri təbrik etmişdir.

Muxtar respublikada fəaliyyət göstərən idman federasiyaları və idman məktəbləri qarşısında mühüm vəzifələr durduğunu bildirən Ali Məclisin Sədri demişdir: “Muxtar respublikada müxtəlif idman növləri üzrə keçirilən yarışlarda federasiyalar bir-birinə dəstək verməli, öz işlərini qarşılıqlı əməkdaşlıq şəraitində qurmalıdırlar. İdman yarışlarında tamaşaçı kütləviliyi təmin olunmalı, idmana marağı artırmaq məqsədilə təbliğat işləri aparılmalıdır. Federasiyalar və idman klubları müxtəlif idman növləri üzrə beynəlxalq yarışların təşkilini də diqqət mərkəzində saxlamalı, mövcud idman infrastrukturundan səmərəli istifadə olunmalıdır”.

Ali Məclisin Sədri bu vəzifələrin yerinə yetirilməsində federasiyalara və klublara uğurlar arzulamış, açılışı bildirən lenti kəsmişdir.

Məlumat verilmişdir ki, Naxçıvan Muxtar Respublika Stadionu inzibati bina və futbol meydançasından ibarətdir. Ümumi sahəsi 17 min 700 kvadratmetr olan stadionda yenidənqurma işləri yüksək keyfiyyətlə aparılmışdır. Binanın birinci mərtəbəsindəki soyunub-geyinmə, radiouzel, həkim və məşqçi otaqları, eləcə də anbar təmir olunmuş, bufet yaradılmışdır. İkinci mərtəbədəki idman zalında müxtəlif idman yarışlarının keçirilməsi üçün lazımi şərait yaradılmış, iş otaqları müasir şəkildə qurulmuşdur. Həmçinin burada mətbuat konfranslarının keçirilməsi üçün 25 yerlik zal istifadəyə verilmiş, binanın su, kanalizasiya və istilik sistemləri dəyişdirilmişdir.

Stadionun futbol meydançası müasir standartlara uyğun şəkildə qurulmuş, ot örtüyü təzələnmiş, qaçış zolaqları, oturacaqlar və reklam lövhələri yenilənmiş, meydançanı işıqlandıran projektorlar təmir olunmuşdur. Yaradılan şərait futbol oyunlarının yüksək səviyyədə keçirilməsinə imkan verəcəkdir.

Stadionla tanışlıqdan sonra muxtar respublikanın idman ictimaiyyətinin nümayəndələri ilə görüşən Ali Məclisin Sədri demişdir: “İdmanın inkişafı idmanın kütləviliyinin təmin olunması deməkdir və muxtar respublikanın idman federasiyaları, idman məktəbləri öz fəaliyyətlərində bu amili əsas götürməlidirlər”.