left Heydər Əliyev Muzeyi right
 
 
left right
left Menyu right
 
 
left right
    Az     En     Ru

Linklər

Əlaqə

 

NƏQLİYYAT

      

          Iqtisadiyyatın inkişafında əsas istehsal sahələrinin rolu ilə yanaşı infrastrukturun da təkmilləşdirilməsinin mühüm əhəmiyyəti vardır. Bu baxımdan uzun müddətdən bəri blokada şəraitində yaşayan muxtar respublikada nəqliyyat sektorunun inkişaf  etdirilməsinin rolu böyükdür. Burada əsasən avtomobil, hava və dəmir yolu nəqliyyatının xidmətlərindən istifadə olunur. 

         Avtomobil nəqliyyatı muxtar respublika daxilində sərnişin və yük daşınmalarında istifadə olunan əsas nəqliyyat növüdür. Muxtar respublikanın əksər kəndləri və rayon mərkəzləri marşrut avtobusları ilə təmin edilmişdir.  

         Qonşu ölkələrlə əlaqələrin möhkəmləndirilməsi, sərnişin və yük daşınmasında da avtomobil nəqliyyatının rolu böyükdür. Belə ki, Türkiyə Respublikasının «Iqdırlı Turizm» və «Can Iqdır» firmaları ilə bağlanmış müqavilələrə əsasən Türkiyənin Istanbul, Ankara, Izmir, Antalya və digər böyük şəhərlərinə sərnişin daşıma xidməti göstərilməkdədir. Iran Islam Respublikasının «Didari Seyri Giti» və «Nil Çeşmi Qostar» nəqliyyat şirkətləri ilə Naxçıvan-Təbriz-Tehran, Naxçıvan-Urmiya və əks istiqamətlərdə  marşrutlar üzrə sərnişin daşıma üçün müqavilələr bağlanmışdır.  

         Azərbaycanın əsas ərazisi ilə gediş-gəlişi asanlaşdırmaq məqsədilə 2007-ci ilin sonlarından etibarən Iran ərazisindən keçməklə Naxçıvan-Bakı-Naxçıvan marşrutu üzrə müntəzəm avtobus reysləri işləyir.  

         Avtomobil nəqliyyatının inkişafı mövcud yolların vəziyyətindən xeyli dərəcədə asılıdır. Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Şirkəti 1473 kilometr avtomobil yoluna qulluq edir. Bu yolların 274 kilometri respublika əhəmiyyətli, 1199 kilometri isə yerli əhəmiyyətli yollardır. Avtomobil yollarının müasir dünya standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilməkdədir. 

         Naxçıvanın Türkiyə və Iran Islam Respublikası  istisna olunmaqla digər ölkələrlə nəqliyyat əlaqələri isə blokada ilə əlaqədar olaraq əsasən hava nəqliyyatı vasitəsilə mümkündür. 2004-cü ildə istifadəyə verilən Naxçıvan Beynəlxalq Hava Limanı ən müasir standartlara uyğun tikilmişdir. Hazırda bu hava limanından Azərbaycanın Bakı və Gəncə şəhərlərinə təyyarələr yola salınır. Eyni zamanda Naxçıvan-Moskva, Bakı-Naxçıvan-İstambul və əks istiqamətlərdə uçan təyyarələr vasitəsilə beynəlxalq sərnişin daşıma xidmətləri göstərilir. 

         Muxtar respublikada dəmir yolu nəqliyyatı mühüm əhəmiyyət kəsb edir. Araz çayı boyunca Bakı-Yerevan dəmir yolu xəttinin 190 kilometrə qədəri muxtar respublika ərazisindən keçir. Bu dəmir yolu xəttinin Culfadan keçən hissəsindən Iran Islam Respublikasının Təbriz şəhəri istiqamətində qol ayrılır. Ermənistanın təcavüzkar siyasəti nəticəsində muxtar respublikanı Azərbaycanla bağlayan dəmir yolu xətti 1992-ci ilin əvvəllərindən tamamilə kəsilmişdir. Haliyədə Naxçıvan-Ordubad və Naxçıvan-Şərur istiqamətində daxili sərnişin daşıma xidməti göstərilir. Bundan başqa Naxçıvan-Təbriz və əks istiqamətdə sərnişin və yük qatarlarlarının hərəkəti üçün Iran Islam Respublikası ilə müqavilə bağlanmışdır. 

        1995-ci illə müqayisədə 2016-ci ildə muxtar respublikanın nəqliyyat sektorunda yük daşıması 25.4 dəfə, sərnişin daşıması isə 4.3 dəfə artmışdır.

  Muxtar respublikada yol-nəqliyyat infrastrukturunun müasir tələblər səviyyəsində yenidən qurulması işlərinə müvafiq olaraq 2016-ci ildə 61,5 kilometr uzunluğunda asfalt yol salınmış, Naxçıvan şəhərində yerüstü piyada keçidi istifadəyə verilmişdir. Göstərilən nəqliyyat xidmətlərinin səviyyəsini yüksəltmək məqsədilə şəhərdaxili marşrutda istifadə üçün 7, beynəlxalq sərnişin daşınmasında istifadə üçün isə 2 avtobus alınaraq xəttə buraxılmışdır. Naxçıvan Beynəlxalq Hava Limanında yenidənqurma işlərindən sonra “Şərq Terminalı”, Şərur və Ordubad şəhərlərində aviakassa binaları sərnişinlərin istifadəsinə verilmişdir.