Şərur rayonu - 08 avqust 1930-cu ildə rayon kimi təşkil olunmuş, 1964-1991-ci illərdə Iliç rayonu adlanmışdır. Şimal-şərqdə Ermənistan, cənub-qərbdə Iranla həmsərhəddir. Ərazisi 872,26 kvadrat kilometr, əhalisi 113,4 min nəfərdir (01.01.2016). Mərkəzi Şərur şəhəridir. Rayonda 65 kənd vardır.  

         Rayon ərazisi dağlıq və maili düzənliklərdən ibarətdir. Yayı quraq keçən soyuq yarımsəhra, quru çöl və qışı quraq keçən soyuq iqlimi vardır.  

         Rayon ərazisindən Araz, Arpaçay çayları axır. Rayonda Arpaçay Su Anbarı yerləşir. Əsasən kənd təsərrüfatı rayonudur.

         Rayonda 60 ümumtəhsil məktəbi, peşə liseyi, 6 məktəbdənkənar, 2 məktəbəqədər tərbiyə müəssisəsi, 60 kitabxana, 67 klub müəssisəsi, 1 muzey, Arpaçay Tarix-Mədəniyyət qoruğu, 6 uşaq musiqi məktəbi, Bahar kinoteatrı, mərkəzi xəstəxana, 8 sahə xəstəxanası, 20 həkim ambulatoriyası, 9 feldşer-mama məntəqəsi, 27 feldşer məntəqəsi, Gigiyena və Epidemiologiya Mərkəzi və s. təşkilatlar vardır.