Şahbuz rayonu - 8 avqust 1930-cu ildə rayon kimi təşkil olunmuşdur.  4 yanvar 1963-cü ildə ləğv edilərək Naxçıvan (indiki Babək rayonu) rayonuna verilmiş, 6 yanvar 1965-ci ildə yenidən təşkil olunmuşdur. Şimal və şərqdə Ermənistanla həmsərhəddir. Ərazisi 836,58 kvadrat kilometr, əhalisi 24,8 min nəfərdir (01.01.2016). Mərkəzi Şahbuz şəhəridir. Rayonda 1 qəsəbə, 22 kənd vardır.  

         Rayon ərazisinin böyük hissəsi Zəngəzur və Dərələyəz dağ silsilələrinin yamaclarında yerləşir. Ən yüksək zirvəsi Salvartı (3160 m) dağıdır. Yayı quraq keçən soyuq iqlim tipinə malikdir.  

         Rayon ərazisində Naxçıvançay və onun qolları (Kükü, Şahbuz, Salvartı) axır. Rayonda Qanlıgöl və Batabat gölləri vardır. Əsasən kənd təsərrüfatı rayonudur. Arıçılıq və heyvandarlıq inkişaf etmişdir. 

         Rayonda 23 ümumtəhsil məktəbi, 6 məktəbdənkənar, 1 məktəbəqədər tərbiyə müəssisəsi, 29 kitabxana, 26 klub müəssisəsi, 1 muzey, Şahbuz Dövlət Təbiət Qoruğu, 2 uşaq musiqi məktəbi, Araz kinoteatrı, mərkəzi xəstəxana, 2 sahə xəstəxanası, 10 həkim ambulatoriyası, 11 feldşer-mama məntəqəsi, 1 feldşer məntəqəsi, Gigiyena və Epidemiologiya Mərkəzi və başqa təşkilatlar əhaliyə xidmət edir.