Ordubad rayonu - 8 avqust 1930-cu ildə rayon kimi təşkil olunmuşdur. 4 yanvar 1963-cü ildə rayon ləğv edilərək Culfa rayonunun tərkibinə verilmiş, 6 yanvar 1965-ci ildə yenidən təşkil edilmişdir. Cənubda Iranla, şimal və şərqdə isə Ermənistanla həmsərhəddir. Ərazisi 978,99 kvadrat kilometr, əhalisi 49,2 min nəfərdir (01.01.2016). Mərkəzi Ordubad şəhəridir. Rayonda  3 qəsəbə, 43 kənd vardır.  

         Rayon ərazisi Zəngəzur dağ silsiləsi və Arazboyu düzənliklərdən ibarətdir. Ən yüksək zirvəsi Qapıcıq (3904 m) dağıdır. Yayı quraq və qışı soyuq keçən iqlim tipi vardır.  

         Rayon ərazisindən Araz, Ordubad, Vənənd və sair çaylar axır. Əsasən kənd təsərrüfatı rayonudur.  

         Rayonda 39 ümumtəhsil məktəbi, peşə məktəbi, 5 məktəbdənkənar, 2 məktəbəqədər tərbiyə müəssisəsi, 47 kitabxana, 42 klub müəssisəsi, 3 muzey, məşhur Gəmiqaya tarixi abidələr kompleksi,  Həsən Əliyev adına Milli Park, Ordubad Tarix-Memarlıq qoruğu, 2 uşaq musiqi məktəbi, Araz kinoteatrı, mərkəzi xəstəxana, 4 sahə xəstəxanası, 7 həkim ambulatoriyası, 17 feldşer-mama məntəqəsi, 14 feldşer məntəqəsi, Gigiyena və Epidemiologiya Mərkəzi və başqa təşkilatlar əhaliyə xidmət edir.