Culfa rayonu - 8 avqust 1930-cu ildə rayon kimi təşkil olunmuşdur. Şimal-şərqdə Ermənistan, cənubda isə Iranla həmsərhəddir. Ərazisi 926,3 kvadrat kilometr, əhalisi 45,6 min nəfərdir (01.01.2016). Mərkəzi Culfa şəhəridir. Rayonda 22 kənd vardır.  

         Rayon ərazisi Zəngəzur dağ silsiləsi, Arazboyu və Culfa düzənliklərindən ibarətdir. Ən yüksək zirvəsi Dəmirlidağdır (3364 m). Darıdağ, Nəhəcir və sair mineral sular çıxır. Yayı quraq isti, qışı soyuq keçən iqlim tipi vardır.  

         Rayon ərazisindən Araz, Əlincə və sair çaylar axır. Rayonda Bənəniyar su anbarı yerləşir. Əsasən kənd təsərrüfatı rayonudur. Üzümçülük və heyvandarlıq inkişaf etmişdir.   

         Məşhur Əshabi-Kəhf ziyarətgahı dini mədəni abidələr kompleksi, Xanəgah abidələr kompleksi və Gülüstan tarix-mədəniyyət qoruğu Culfa rayonunda yerləşir.    

         Rayonda 27 ümumtəhsil məktəbi, peşə məktəbi, 6 məktəbdənkənar, 2 məktəbəqədər tərbiyə müəssisəsi, 30 kitabxana, 37 klub müəssisəsi, 1 muzey, 2 uşaq musiqi məktəbi, Əlincə kinoteatrı, mərkəzi xəstəxana, 1 sahə xəstəxanası, 15 həkim ambulatoriyası, 8 feldşer-mama məntəqəsi, Gigiyena və Epidemiologiya Mərkəzi və s. təşkilatlar fəaliyyət göstərir.