Babək rayonu - 23 oktyabr 1978-ci ildə ümummilli lider Heydər Əliyevin qərarı ilə rayon kimi təşkil olunmuşdur. Şimal-qərbdə Ermənistan, cənubda Iranla həmsərhəddir. Ərazisi 828,42 kvadrat kilometr, əhalisi 73,3 min nəfərdir (01.01.2016). Mərkəzi Babək qəsəbəsidir. Rayonda 35 kənd vardır.  

         Rayon ərazisi Zəngəzur, Dərələyəz dağ silsilələrinin təpələri, Naxçıvan və Gülüstan düzənliklərindən ibarətdir. Rayonun ən yüksək zirvəsi Buzqov dağıdır (2475 m). Yayı quraq keçən soyuq yarımsəhra, quru çöl və qışı quraq keçən soyuq iqlim tipinə malikdir.

         Rayon mineral sularla zəngindir.  Sirab və Vayxır mineral su bulaqları bütün dünyada məhşurdur. Ərazisindən Araz, Naxçıvançay və sair çaylar axır. Rayonda Heydər Əliyev Su Anbarı, Uzunoba, Nehrəm, Sirab, Cəhri, Qahab su anbarları və suvarma kanalları  vardır. Əsasən kənd təsərrüfatı rayonudur.  

         Rayonda 38 ümumtəhsil məktəbi, 6 məktəbdənkənar, 1 məktəbəqədər tərbiyə müəssisəsi, 41 kitabxana, 32 klub müəssisəsi, 2 muzey, 5 uşaq musiqi məktəbi, mərkəzi xəstəxana, doğum evi, 2 sahə xəstəxanası, 16 həkim ambulatoriyası, 14 feldşer-mama məntəqəsi, 4 feldşer məntəqəsi, Gigiyena və Epidemiologiya Mərkəzi və s. təşkilatlar fəaliyyət göstərir.