left Heydər Əliyev Muzeyi right
 
 
left right
left Menyu right
 
 
left right
    Az     En     Ru

Linklər

Əlaqə

 

ELM VƏ TƏHSİL
 

ELMİ MÜƏSSİSƏLƏR  

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ümummilli lider Heydər Əliyevin 2002-ci il 7 avqust tarixli Sərəncamı ilə yaradılmışdır. Bölmə Naxçıvan Muxtar Respublikasında elmi-tədqiqat qurumlarının fəaliyyətini gücləndirmək, mövcud elmi potensialdan istifadə olunmasının səmərəliliyini artırmaq və təbii sərvətlərin, muxtar respublikanın tarixinin, etnoqrafiyasının, arxeologiyasının öyrənilməsi üçün daha əlverişli şərait yaratmaq məqsədi ilə təsis edilmişdir.

 

AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyəti

         Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi muxtar respublikada fəaliyyət göstərən elmi müəssisələrin – Naxçıvan Regional Elmi Mərkəzin, Naxçıvan Elmi-Tədqiqat Bazasının, Şamaxı Astrofizika Rəsədxanası Batabat və Ağdərə stansiyalarının birləşdirilməsi əsasında yaradılmışdır. Bölmə 6 elmi-tədqiqat müəssisəsini – Tarix, Etnoqrafiya və Arxeologiya, İncəsənət, Dil və Ədəbiyyat, Təbii Ehtiyatlar, Bioresurslar institutlarını, Əlyazmalar Fondunu və Batabat Astrofizika Rəsədxanasını əhatə edir.         

        2003-cü ilin yanvar ayından fəaliyyət göstərən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində 29 şöbə və laboratoriya, təcrübə sahələri, seysmoloji mərkəz, elmi kitabxana, nəşriyyat, doktorantura şöbəsi vardır. Bölmədə 266 əməkdaş çalışır. Elmi işçilər arasında Azərbaycan Milli Elmlər Akademiyasının 2 həqiqi üzvü, 4 müxbir üzvü, 5 elmlər doktoru, 57 fəlsəfə doktoru vardır. Gənc kadrların 14 nəfəri doktorant, 6 nəfəri dissertantdır.  

         Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin tərkibində elmi-tədqiqat müəssisəsidir. İnstitutda Qədim və orta əsrlər tarixi, Yeni və ən yeni tarix, Qədim dövr arxeologiyası, Antik və orta əsrlər arxeologiyası, Arxeoloji xidmət, Etnoqrafiya, Qafqaz tarixi şöbələri fəaliyyət göstərir.

         Burada Naxçıvanın maddi və mənəvi mədəniyyəti tədqiq edilir. İnstitutda 16 elmi işçi çalışır. Onlardan 1 nəfəri Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, 2 nəfəri  Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 1 nəfəri elmlər doktoru, 6 nəfəri fəlsəfə doktorudur.  

            İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda Memarlıq, şəhərsalma və abidələrin bərpası, Təsviri və dekorativ tətbiqi sənətlər, Musiqi və teatr, Dilçilik, Onomastika, Folklorşünaslıq, Ədəbiyyatşünaslıq şöbələri var. İnstitutda 21 elmi işçi çalışır. Onlardan 1 nəfəri Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, 1 nəfəri Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 1 nəfəri elmlər doktoru, 10 nəfəri fəlsəfə doktorudur. 

         Təbii Ehtiyatlar İnstitutu muxtar respublika ərazisində təbii ehtiyatların və hidroloji şəraitin öyrənilməsi, mineral xammalın istehsalının elmi əsaslarının işlənib hazırlanması, bu istehsalın ekoloji təsirləri, seysmoloji tədqiqatlar, iqtisadi və sosial infrastrukturların yerləşdirilmə qanunauyğunluqları, regionda ənənəvi təsərrüfat sahələrinin bərpa və inkişaf etdirilməsi yollarının araşdırılması istiqamətində elmi iş aparır. İnstitutda Mineral xammalın kimyası və texnologiyası, Sorbsiya prosesləri, Fiziki tədqiqatlar, Filiz və qeyri-filiz yataqları, Hidrogeologiya və mineral sular, Coğrafiya, İqtisadiyyat, Elmi-texniki informasiya və İnzibati-təsərrüfat şöbələri, Avtomatlaşdırma və Seysmologiya laboratoriyaları, Seysmoloji xidmət şöbəsi fəaliyyət göstərir. İnstitutda 22 elmi işçi çalışır. Onlardan 2 nəfəri elmlər doktoru, 10 nəfəri fəlsəfə doktorudur.  

 

         Bioresurslar İnstitutu muxtar respublikanın bioresurslarının

öyrənilməsi, istifadəsi və qorunması məqsədi ilə yaradılmışdır. İnstitutda 27 elmi işçi çalışır. Onlardan 1 nəfəri Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 1 nəfəri elmlər doktoru, 22 nəfəri fəlsəfə doktorudur. İnstitutda Nəbatat, Bitki sistematikası, Zooloji tədqiqatlar, Elmi-istehsalat və İnzibati-təsərrüfat şöbələri, Meyvə, giləmeyvə və üzümçülük, Dənli, taxıl, paxlalı və texniki bitkilər, Biokimyəvi tədqiqatlar, Torpaq ehtiyatları laboratoriyaları fəaliyyət göstərir. Həmçinin elmi-tədqiqat institutunun tərkibində Nəbatat bağı, Genefond təcrübə sahəsi, Təbiət muzeyi, Yaşıl əczaxana, 10 minə yaxın herbari vərəqindən ibarət fond vardır.

        Bioresurslar İnstitutunda Naxçıvan Muxtar Respublikasının flora və fauna biomüxtəlifliyi, nadir, nəsli kəsilməkdə olan heyvan növlərinin qorunması, çoxaldılması, genefondun yaradılması, ekosistemin mühafizə olunması və bioresurslardan optimal istifadə problemləri araşdırılır. İnstitutun elmi-tədqiqat işlərinin nəticələrini əks etdirən məqalə və nəşrlər Azərbaycan Respublikasında və bir sıra ölkələrdə dərc olunmuşdur.  

         Əlyazmalar Fondu Naxçıvanın tarixinə və mədəniyyətinə dair məlumatların əldə edilməsi məqsədi ilə təsis olunmuşdur. Fondda 3 elmi işçi çalışır. Fondun Əlyazmaların kataloqlaşdırılması, tədqiqi və nəşri, Əlyazmaların toplanması, Əlyazmaların mühafizəsi, gigiyenası və bərpası şöbələri var.  

        Batabat Astrofizika Rəsədxanası Naxçıvan şəhər bazasından, Şahbuz rayonu ərazisində yerləşən Batabat stansiyasından və Ordubad rayonu ərazisindəki Ağdərə stansiyasından ibarətdir. Batabat və Ağdərə stansiyaları Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi yaranana qədər Şamaxı Astrofizika Rəsədxanasının tərkibində olmuşdur. Batabat və Ağdərə stansiyalarının həm dəniz səviyyəsindən kifayət qədər yüksək olması (2000 metrdən artıq), həm də coğrafi enliklərin nisbətən kiçikliyi (390 31’ və 390 06’) yüksəksəviyyəli astronomik müşahidələrin aparılmasına imkan verir. Rəsədxanada 60 sm-lik ulduz teleskopu (Batabat stansiyasında) quraşdırılmışdır. Əsas tədqiqatlar Günəş fizikası və Günəş sisteminə aid kiçik Səma cismlərinin fiziki və dinamik xüsusiyyətlərinin öyrənilməsi sahəsində aparılır. Rəsədxanada 7 elmi işçi çalışır ki, onlardan 3 nəfəri fəlsəfə doktorudur. Rəsədxananın Səma cismlərinin mövqe müşahidəsi, Səma cismlərinin fotometriası adlı şöbələri vardır.

         Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Elmi Kitabxanası 1972-2002-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının əsaslı kitabxanasının filialı kimi Naxçıvan Regional Elmi Mərkəzinin nəzdində fəaliyyət göstərmişdir. Bölmənin təsis edilməsi ilə əlaqədar onun tərkibində elmi kitabxana kimi fəaliyyətini davam etdirir. Kitabxananın fondları, əsasən, elmi əhəmiyyətə malik olan çap məhsulları ilə komplektləşdirilmişdir. Kitab fondu 32931 çap vahidi, jurnal fondu isə 18067 çap vahidi təşkil edir.  

         2005-ci ildən bölmənin görkəmli mütəfəkkir Nəsirəddin Tusinin adını daşıyan nəşriyyatı fəaliyyətə başlamışdır. Nəşriyyat Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin “Xəbərlər”ini 2 seriyada (ictimai və humanitar elmlər; təbiətşünaslıq və texniki elmlər) çap edir.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 17 fevral tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılmış, mərkəz üçün bina ayrılmış və əsaslı surətdə yenidən qurulmuşdur. Mərkəz, onun kitabxanası və arxivi ən müasir informasiya avadanlıq və daşıyıcıları ilə təmin olunmuş, elektron kitabxana və elektron arxiv yaradılmışdır. 2013-cü il fevral ayının 9-da mərkəzin yeni binasının açılışı olmuşdur.

Zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan binada server otağı, Biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi, Elmi-metodik şöbə, Xidmət şöbəsi, Komplektləşdirmə şöbəsi, Kitabişləmə və kataloqlaşdırma şöbəsi, skayner otağı, kitabsaxlayıcı fond, oxu və dövri mətbuat zalı, elektron oxu zalı, arxiv, bufet, iş və xidmət otaqları yerləşir.

Kitabsaxlayıcı fondda Naxçıvanın tarixinə, arxeologiyasına, təbii sərvətlərinə və milli dəyərlərimizə həsr olunmuş mindən artıq kitab və avtoreferat, eləcə də dövri mətbuat nümunələri vardır. Oxu və dövri mətbuat zalında istifadəçilər üçün fonddakı kitablardan, qəzet və jurnallardan, eləcə də internetdən istifadə imkanı yaradılmışdır.

Binada informasiya köşkü quraşdırılmışdır. İstifadəçilər onlara verilən şəxsi parol vasitəsilə elektron informasiya köşkünə yaxınlaşaraq istənilən kitabı sifariş verə bilərlər. Elektron köşk istifadəçilərə kitab fondunun elektron kataloqu ilə tanış olmaq, sorğulara operativ cavab almaq və virtual sifariş imkanı yaradır.