ARXEOLOJİ QAZINTILAR

 I Kültəpə - Naxçıvan şəhərindən 8 km şimal-şərqdə, Babək rayonunun Kültəpə kəndi ərazisində, Naxçıvançayın sol sahilində Eneolit-ilk Dəmir dövrünə aid (e.ə. 4-cü minillik - e.ə. 1-ci minilliyin əvvəli) yaşayış yeridir. Dövrümüzədək salamat qalmış hissəsinin sahəsi 1,5 ha-dır. İlk dəfə 1904-cü ildə kəşfiyyat xarakterli tədqiqat işləri aparılmış, əldə olunmuş materialların bir qismi Tiflis Qafqaz Muzeyinə, verilmişdir. 1951-ci ildə aparılmış qazıntılar zamanı 22,2 m qalınlığında 4 mədəni təbəqə öyrənilmişdir. Qalınlığı təqribən 9 m olan alt təbəqədən Eneolit dövrünə (e.ə. 4-cü minillik) aid dairəvi planlı, bünövrəsi çay daşları və gil məhlulu, divarları möhrəpalçıqla hörülmüş yaşayış binaları, təsərrüfat tikililəri, ocaq və kürələrin qalıqları, 85 qəbir aşkar edilmişdir. Ölülər, əsasən, bükülü və arxası üstə uzadılmış vəziyyətdə tək, qoşa və kollektiv dəfn olunmuşdur. Qəbirlərə məişət avadanlıqları, əmək alətləri, bəzək əşyaları qoyulmuşdur. Obsidian (dəvəgözü) və çaxmaqdaşından nukleuslar, bıçaq, oraq dişləri, toxa, həvəngdəstə, küpə, biz, toppuz, dəndaşı, sadə və boyalı saxsı qablar, mis məmulatı, həmçinin Yaxın Şərq ölkələrindən gətirilmiş boyalı qablar tapılmışdır. Qalınlığı 9,5 m olan 2-ci təbəqədən Tunc dövrünə (e.ə. 3-cü minillik) aid yaşayış binaları və təsərrüfat tikililəri, gil sobalar, manqallar, daşdan qurulmuş dairəvi ocaq yeri aşkar olunmuş, əmək alətləri, tunc əşyalar (silah və bəzək şeyləri), yapma naxışlı və cızma bəzəkli cilalanmış boz və qara saxsı qablar, gildən öküz, qoyun, keçi fiqurları, kömürləşmiş arpa, buğda, darı qalığı əldə edimişdir. Tapıntılar Kür-Araz mədəniyyəti üçün səciyyəvidir. 3-cü təbəqə orta və son Tunc dövrünə (e.ə. 2-ci minillik) aiddir. Qalınlığı 2 m olan mədəni təbəqədən daş, sümük və tuncdan əmək alətləri, tunc bəzək əşyaları, boz, qara, qırmızı rənglərlə həndəsi rəsmlər və quş təsvirləri ilə bəzədilmiş boyalı qablar və s. tapılmlşdır. Kültəpədə e.ə. 2-ci minillikdə ibtidai icma quruluşu zəifləmiş, mülki bərabərsizlik yaranmışdı. Qalınlığı 1,5 m olan 4-cü təbəqə ilk Dəmir dövrünə (e.ə. 1-ci minilliyin əvvəlləri) aiddir. Buradan bazalt və tufdan dən daşlar, sürtgəc, qırmızı və boz rəngli boyalı qablar, heyvan sümükləri aşkar edilmişdir. Polixrom boyalı qablar bədii tərtibatına görə nəinki Azərbaycanın, eləcə də qədim dünyanın ən nadir incəsənət nümunələri sayıla bilər. I Kültəpə Cənubi Qafqazın Eneolit və Tunc dövrləri abidələrinin stratiqrafiya və xronologiyasının ardıcıllıqla öyrənilməsində böyük əhəmiyyətə malikdir.

 
 
 

       

 

      II Kültəpə  - Naxçıvan şəhərindən 12 km şimalda, Yuxarı Uzunoba kəndi yaxınlığında, Cəhriçayla Naxçıvançayın birləşdiyi ərazidə e.ə. 4-1-ci minilliklərə aid yaşayış yeri olub sahəsi 3 ha-dan çoxdur. 12 m qalınlığında 4 mədəni təbəqə öyrənilmişdir. Kür - Araz mədəniyyətinə aid alt təbəqədən dairəvi yaşayış binalrı, müdafiə divarı,  təsərrüfat tikililəri, daş, tunc və sümükdən əmək alətləri, boz, qara , çəhrayı rəngli gil qablar, kömürləşmiş taxıl qalığı, heyvan sümükləri və s. aşkar edilmişdir. 2-ci təbəqədən qalınlığı 4 m olan orta Tunc dövrünə aid  qala divarları (uzunluğu 35 m, hündürlüyü 1,4 m), yaşayış binalrı, dulusçuluq emalatxanaları, dulus kürələri, metaləritmə sobasnın qalığı, metalemalı ilə bağlı əmək alətləri, təsərrüfat tikililəri, məbəd qalıqları və s. üzə çıxarılmışdır. Qala divarları dördkünc bürclərlə möhkəmləndirilmişdir.  Qazıntı zamanı daş heykəl, əmək alətləri (vəl, dən daşları, bıçaq, gürz, balta, iskənə, biz s.), tunc əşyalar, bəzək şeyləri,taxıl qalıqları, müxtəlif heyvan sümükləri, gil qablar və s. tapılmışdır. Qırmızı və sarı fonlu boyalı qablar insan, quş, heyvan təsvirri və s. rəsmlərlə bəzədilmişdir. Boyalı qab parçasının birinin üzərində bir-birinə yaxın dayanmış iki adam fiqurunun yuxarı hissəsi qalmış, birinin başında küləkdən dağılmış saç, yaxud lələkdən düzəldilmiş çələng vardır. Onların əlləri yuxarıya qalxmışdır. Ola bilsin ki, bu səhnə Naxçıvanın Tunc dövrü tayfalarının dini ayinrini əks etdirir. Bu mərhələdə II Kültəpə böyük tayfa birliyinin iqtisadi, dini mərkəzinə, şəhər tipli yaşayış yerinə çevrilmişdi. 3-cü (son Tunc dövrü) və 4-cü (ilk Dəmir dövrü) təbəqərdən qala divarları və yaşayış evrinin qalıqları, ocaqlar, dən daşları, daş gürzlər, boz və qırmızı rəngli sadə və polixrom boyalı gil qablar, heyvan sümükri və s. aşkar olunmuşdur. 4-cü təbəqənin monoxrom boya qabları sadə qırmızı rəngli rəsmr naxışlanmışdır. Əkinçilik, maldarlıq, dulusçuluq, toxuculuq, metalişləmə və s. ilə məşğul olmuş II Kültəpə əhalisinin arasında əmlak bərabərsizliyi yaranmış, ilk sinifli cəmiyyətə məxsus patriarxal quldarlıq rüşeymləri meydana gəlmişdi. II Kültəpə abidələri və onunla bilavasitə əlaqədar olan qədim duz mədəni Azərbaycanda Tunc dövründə ilk şəhərlərin yarandığını göstərir və Azərbaycanın Yaxın Şərq ölkələri ilə iqtisadi, mədəni əlaqəbr saxladığını sübut edir.

 

       Ağbulaq – Şahbuz rayonu ərazisində, Naxçıvançayın sol sahilində hündür təpənin yamacında antik dövrə aid yaşayış yeridir. 1990-cı ildə qeydə alınmışdır. Sahəsi 1525 m2. Kəndin cənub-qərb hissəsində yol çəkilərkən əmələ gəlmiş yarğanda gil qab qırıqları tapılmışdır. Burada aparılan təmizləmə işləri zamanı iki küp və sümük qırıqlarına və s. təsadüf edilmişdir. Tapıntılara əsasən, abidənin e.ə. 1 və eramızın I-II əsrlərinə aid olması ehtimal edilir.

        Albantəpə - Şərur rayonu ərazisində, Axura kəndinin qərbində antik dövrə aid yaşayış yeri olan Albantəpənin ("Aqbantəpə") sahəsi 5 ha-dan artıqdır. Abidə hər tərəfdən dağlarla əhatələnmiş dərədə yerləşən ümumi dağ sistemindən ayrılmış uzunsov təpə üzərindədir. Arxeoloji qazıntılar (1979-cu ildə) nəticəsində 1,5 m dərinliyində mədəni təbəqə aşkar edilmiş, daş divar qalıqları, torpağa basdırılmış iki küp tapılmışdır. 6-7 sm qalınlığında kül təbəqəsi ilə örtülmüş mədəni təbəqədə küp və qazan tipli gil qab sınıqları, osteoloji qalıqlar (it, at, qoyun, keçi və qaramal sümükləri), bitki qalıqları (taxıl, şaftalı, ərik dənələri), dəmirdən hazırlanmış metal əşyalar (oraq, bıçaq, ox və nizə ucluqları), şüşə qab parçaları və s. əldə edilmişdir.

      Aza qəbirstanı – Ordubad rayonunda, Aşağı Aza kəndinin şimal şərqində orta əsrlərə aid arxeoloji abidədir. Kəşfiyyat xarakterli tədqiqatlar zamanı qoç formalı iki qəbirüstü daş və digər maddi mədəniyyət qalıqları aşkar olunmuşdur. Qəbiristanda pir, minarə mövcuddur. Qoç daşın birinin üzərində hicri 1092 (1681) tarixi qalmışdır.

       Çalxanqala kurqanları – Babək rayonunun Çalxanqala kəndi yaxınlığında, Naxçıvan şəhərindən 40 km şimal-qərbdə e.ə. 2-ci minilliyə (son Tunc dövrü) aid olan bu Kurqanlar konusvarı formada olub, diametri 8-10 m, hündürlüyü 1,2 m-dir. Çalxanqala kurqanları altında dördkünc formalı torpaq qəbir yerləşir. Kurqanlardan gil məmulatı (çəhrayı astarlı qara qablar, o cümlədən boyalı qablar, boz rəngli qablar və s. tuncdan xəncər, nizə ucları, skelet qalıqları), bəzək əşyaları (sancaq, düymə, muncuqlar və s.) tapılmışdır. Boyalı qablar Zurnabad, Nəhəcir, I və II Kültəpədən tapılmış qablarla tam oxşardır. Müxtəlif formalı qırmızı rəngli boyalı gil qabların üzəri tünd qırmızı rənglə örtülmüş, qara rənglə həndəsi naxışlarla bəzədilmişdir. Bunlar çox güman ki, Kür-Araz mədəniyyətinin təsiri ilə bağlıdır. Tunc xəncər yastı tiyəli və qısa dəstəklidir. Nizə ucları iki növdür. Boruşəkilli dəstəyi olan nizə ucu orta Tunc dövrü üçün, romb formalı yastı nizə ucu isə Kür-Araz mədəniyyəti üçün səciyyəvi olub, Qobustan kurqanından tapılmış nizə uclarına oxşardır. Çalxanqala kurqanından Yaxın Şərq ölkələrindən gətirilmiş göy şirli muncuqlar da aşkar olunmuşdur. Tapıntılar Azərbaycanın, o cümlədən Naxçıvanın Tunc dövrü materiallarını və Yaxın Şərq ölkələri ilə qədim iqtisadi və mədəni əlaqələrini öyrənməyə imkan verir. Çalxanqala kurqanları Naxçıvan ərazisində tədqiq edilmiş ilk kurqandır.   

       Damlama – Şərur rayonunda, Qarabağlar kəndindən 3 km şimal-qərbdə e.ə. 4-1-ci minilliklərə aid çoxtəbəqəli yaşayış yeridir. Yerüstü tapıntılar gil qab sınıqlarından, dən daşları, obsidian (dəvəgözü) lövhələr və ox ucluqlarından ibarətdir. Qazıntılar zamanı şlak qalıqları da aşkar olunmuşdur. Mədəni təbəqə torpaq qarışıq çürüntü laylarından ibarət olub, maddi mədəniyyət qalıqları ilə zəngindir. Ən qədim tapıntılar Eneolit dövrünə (saman qarışığı olan gildən kobud hazırlanmış, pis bişirilmiş qablar), müəyyən hissəsi isə ilk Dəmir dövrünə (gil qab sınıqları, ox ucluqları) aiddir.

   
 

      Duzdağ – Babək rayonu ərazisində dağ. Naxçıvan şəhərindən 10-12 km aralıdadır. Hündürlüyü 1173 m. Yarımsəhra landşaftı var. Dağın cənub yamacında, Böyükdüz kəndi yaxınlığında qədim daş duz mədəni var. 19-cu əsrin 70-ci illərində buradan bir neçə ədəd daş balta, xeyli daş çəkic tapılmışdır. Tədqiqatçıların fikrincə, bu alətlər daha qədim dövrün insanlarına məxsus olmuş və duz çıxarmaq üçün istifadə edilmişdir. Həmin baltalardan ikisi Naxçıvan Dövlət Tarix Muzeyində, qalanları Sankt-Peterburq və Tbilisi muzeylərində saxlanılır. Qədim duz mədənləri 1967-ci ildə uçqun nəticəsində təsadüfən aşkar olunmuşdur. Dağıntı yerindən xeyli daş çəkic (onlardan biri iri həcmli olub 30 kq ağırlığındadır) tapılmışdır. 1967-ci ildə müasir tuneldə aparılan partlayış nəticəsində uçqun zamanı girişi tutulmuş qədim mədənlərə yol açılmışdır. Yol 70 m uzununda tuneldən ibarət olub, eni 6 m, bəzi yerlərdə 20 m-dir. Tunelin hündürlüyü 10 m-dən artıqdır, bir-birini əvəz edən 10 zaldan ibarətdir. Zalların birində duzdan yonulmuş beş sütun vardır. Tədqiqatlar nəticəsində mədəndən ocaq yerləri, divarlarda isə his izləri aşkar edilmişdir. Bəzi yerlərdə duz laylarının arasına vurulmuş ağac pazlar, döşəmədə gil qab qırıqları, maral buynuzunun qalıqları qeydə alınmışdır. Mədənin divarında bir yerdə şaquli xətlərdən ibarət işarələr var; tədqıqatçılara ğörə, bu, qədim say sistemi ilə bağlı olub, çıxarılan duzun miqdarını bildirmişdir. Aşkar olunmuş maddi mədəniyyət qalıqları, xüsusilə daş çəkiclər qədim Duzdağ mədənlərindən hələ e.ə. 3-2-ci minilliklərdə geniş istifadə edildiyini göstərir. Çıxarılan duz həmçinin mübadilə vasitəsi olmuş, ticarət məqsədilə Böyük İpək yolu ilə Şərq və Qərb ölkələrinə aparılmışdır.

        Duzdağda qədim duz mədənlərinin bazası əsasında 1979-cu ildə fizioterapiya xəstəxanası təşkil olunmuşdur.

 

 

     Gəmiqaya qəbristanı – Qapıcıq dağının (Kiçik Qafqaz) cənub-qərb ətəyində, Qaranquş yaylağında (Tunc dövrünə aid qayaüstü rəsmlərlə zəngin ərazi) orta əsrlərə aid arxeoloji abidədir. Qəbiristanda qəbirüstü və dik daşlar var. Bəzi qəbirlərin üstü kurqanları xatırladan müxtəlif daşlarla örtülmüşdür. Qəbirüstü daşlarda kitabə yoxdur. Gəmiqaya qəbir abidələri sahəsindən göy şirli gil qab qırıqları əldə edilmişdir. Abidə 10-14-cü əsrlərə aid edilir.

 

     Govurqala – Şərur rayonu Axura kəndinin şimal-şərqdə, Axuraçayın Havuşçayla birləşdiyi yerdə, hündür dağın sinəsində antik dövrə aid yaşayış yeridir. Qala uzunsov planlı olub, hörgü üsulu ilə iri ölçülü daşlardan inşa edilmişdir. Divarının eni bəzi yerlərdə 2 m-ə çatır, bürc izləri aydın görünür. Arxeoloji qazıntılar nəticəsində müdafiə tikintisi qalıqları (küp, küpə, qazan tipli qablar, müxtəlıf növ  saxsı qab qırıqları) əsaslı şəkildə çürümüş nizə, ox ucları aşkar eilmişdir. Tapıntılar e.ə. 2-eramızın 3-cü əsrləri üçün səciyyəvidir. Orta əsrlərə aid şirsiz və şirli saxsı məmulatına da təsadüf edilmişdir.

        Kilit mağarası – Ordubad rayonunun ərazisində Kilit kəndindən 6 km şimal-şərqdə, Arazın sol sahilində karst mağarası olub, Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya institutunun arxeoloji ekspedisiyası tərəfindən qeydə alınmışdır (1983). Mağara olduqca möhtəşəmdir; qabaq hissəsi və salonu torpaq çöküntüsü ilə doludur. İlkin müşahidələr əsasında Kilit mağarasında daş dövrü insanlarının yaşadığı ehtimal edilir

        Kora-közə - Babək rayonunun keçmiş Sust kəndinin cənub-qərb hissəsində orta əsrlərə aid yaşayış yeridir. 1979-cu ildə Naxçıvan arxeoloji ekspedisiyası tərəfindən tədqiq edilmisdir. Sahəsi təqribən 3 ha-dır. Yaşayış yerində tikinti qalıqlarının bir qismi saxlanılmışdır. Mədəni təbəqə keramika məmulatı ilə zəngindir. Yerüstü materialı çəhrayı rəngli sadə və şirli qab qırıqlarından ibarətdir. Tapıntılar 15-17-ci əsrlərə aid edilir.

        Köhnəqala – Şahbuz rayonunda, Şahbuzkənd yaxınlığında, Şapurqaladan xeyli yuxarıda orta əsrlərə aid yaşayış yeridir. 1990-cı ildə qeydə alınmışdır. Sahəsi 10 ha-dan artıqdır. Hər tərəfdən sıldırım qayalarla əhatə olunmuşdur. Arxeoloji kəşfiyyat işləri zamanı gil qab qırıqları tapılmışdır. Köhnəqalanın cənub-şərq hissəsində daş divar qalıqları 150 m məsafədən izlənilir. Yerüstü materiallar dəmir əşyalardan, şirsiz və şirli saxsı məmulatından, şüşə qab hissələrindən ibarətdir. Yaşayış yeri 14-18-ci əsrlərə aid edilir.       

        Kültəpə - Sədərək rayonunun Sədərək kəndi yaxınlığında Tunc dövrünə aid yaşayış yeri olan Kültəpənin sahəsi təqribən 5 hektardır. 1970-ci ildə qeydə alınmışdır. Oval formalı təpədən ibarətdir. Üzərində keramika məmulatı fraqmentlərinə və daş əmək alətlərinə rast gəlinmişdir. Mədəni təbəqə kül qarışıq gil laylarından, çaxmaq daşı və obsidian (dəvəgözü) qırıntılarından ibarətdir; kül yığınlarına, ocaq qalaqlarına da təsadüf edilmişdir. Təbəqədən çiy kərpic sınıqları, çay daşları, digər tikinti qalıqları əldə edilmişdir. Xeyli miqdarda keramika məmulatı-xüsusilə boz və qırmızı rəngdə bişirilmiş gil qab nümunələri, üzəri qırmızı anqobla örtülərək qara rənglə naxışlanmış boyalı qablar və s. tapılmışdır. Aşkar olunmuş materiallara əsasən Kültəpə yaşayış yeri e.ə. 3-1–ci minilliklərə aid edilir.

      Qazma mağarası – Şərur rayonunun Tənənəm kəndindən 3 km cənub-şərqə, Arpaçayın sol sahilində Paleolit dövrünə aid düşərgə olub, dəniz səviyyəsindən təqribən 1500 m yüksəklikdədir. Mağaranın uzunluğu 22 m, eni 1,0-6,5 m-dir. 1987-90-cı illərdə tədqiq edilərək 6 mədəni təbəqə qeydə alınmışdır. Düşərgədə çöküntünün ümumi qalınlığı 3 m-ə bərabərdir. 20 m2-sahədə aparılan arxeoloji qazıntılar nəticəsində 12 mindən artıq ovlanmış heyvan sümüyü və 1000-ə qədər obsidian, çaxmaqdaşı və daşlı şistdən hazırlanmış əmək alətləri aşkar edilmişdir. IV təbəqədən daş alətlərlə yanaşı, sümükdən biz, bıçaq, kəsici və oyucu alətlər də aşkar olunub; V və VI təbəqələrdə bir neçə ocaq yeri qeydə alınıb. Düşərgənin IV təbəqəsində çapılıb doğranmış fauna qalıqlarının çoxluğu o dövrdə ibtidai insanların əsas təsərrüfat forması olduğunu göstərir. Qazma mağarasında tapılmış daş məmulatının hazırlanma texnikası və tipoloji xüsusiyyətləri bu ərazidə qədim insanların hələ 80-90 min il bundan əvvəl məskunlaşıb yaşadıqlarını göstərir.

 

   

       Maxta kültəpəsi – Şərur rayonunun Maxta kəndi yaxınlığında ilk Tunc dövrünə aid yaşayış yeridir. 1985-ci ildə qeydə alınmışdır. Yer səthindən 2 m hündürlükdəki təpədən ibarət olub, əkin sahələri, qərb tərəfdən kanalla məhdudlaşır. Arxeoloji qazıntılar nəticəsində daş və çiy kərpicdən hörülmüş tikinti qalıqları, boz rəngli qab nümunələri, dən daşları, həvəng və dəstələr, obsidian və çaxmaqdaşıdan hazırlanmış oraq dişləri, obsidian ox ucluqları, sürtgəclər, ocaq qurğusunun qalıqları və s. əldə olunmuşdur. Kəşfiyyat səciyyəli tədqiqatlar zamanı yaşayış yerindən daşdan tikilmiş qədim məbəd, onun içərisindən isə daş bütlər aşkar olunmuşdur. Tapıntılara əsasən, abidə e.ə. 3-cü minilliyə aid edilir.

 

Muncuqlutəpə - Şərur rayonunda, Billava orta əsr yaşayış yerinin 3 km-də arxeoloji abidə olan Muncuqlutəpənin tədqiqi zamanı onun nekropol qalığı olduğu müəyyənləşdirilmişdir. Yerli məlumatlara görə, qəbirlərdən tez-tez muncuq tapıldığından abidə Muncuqlutəpə adlandırılmışdır. Tapıntıların təhlili abidənin 1-3-cü əsrlərə aid olduğunu göstərir.

    Naxçıvan nekropolu – Naxçıvan şəhərinin şimal kənarında Tunc dövrünə aid arxeoloji abidədir. 1968-ci ildə təsərrüfat işləri zamanı torpaq qəbirlər dağıdılaraq təsadüfən aşkar olunmuşdur. Düzbucaqlı formalı qəbirlərin üstü uzunluğu 1 m, eni 0,5 m, qalınlığı 0,2-0,3 m olan daş piltələrlə örtülmüşdür. Qəbirlər şimaldan cənuba, həmçinin şərqdən qərbə doğru istiqamətlənmişdir. Skeletlərin qalıqları olduqca pis qalmışdır; bir qəbirdə cənubdan qərbə istiqamətlənərək bükülü vəziyyətdə olan skelet salamat qalmışdır. Digər qəbirdən pis vəziyyətdə olan 7 kəllə sümüyü tapılmışdır. Naxçıvanın orta və son Tunc, həmçinin ilk Dəmir dövrü qəbir abidələri üçün kollektiv dəfn adəti səciyyəvidir. Qəbirlərdən zəngin maddi mədəniyyət nümunələri – boyalı gil qablar, müxtəlif formalı tunc bəzəklər, ayrı-ayrı minerallardan hazırlanmış muncuqlar və s. tapılmışdır. Gil məmulatı içərisində çəhrayı rəngli, üzü qara, qəhvəyi, qırmızı və sarı rənglərlə naxışlanmış boyalı qablar xüsusilə sənətkarlıqla hazırlanmışdır. Naxçıvanın məişət abidələrinin həmçinin arxeoloji materialların texnoloji analizinə əsasən Naxçıvan nekropolu e.ə. 2-ci minilliyin ortaları və sonuna aid edilir. Əldə olunmuş materiallar Naxçıvan Dövlət Tarix Muzeyinə verilmişdir.

       Nəhəcir qalası – Culfa rayonunun Nəhəcir kəndi yaxınlığındakı eyniadlı dağın coğrafi-strateji cəhətdən əlverişli olan hündür və sıldırım qayalı cənub hissəsi üzərindəki yastı sahədə e.ə. 2-ci minilliyə-1-minnilliyin əvvəllərinə aid qaladır. Naxçıvan arxeoloji ekspedisiyası tərəfindən aşkar edilmişdir (2001). Ərazisində həmin dövrə aid bazalt daşından hazırlanmış balta, kiçik həcmli daş həvəng-dibək, qara, boz və çəhrayı rəngli gil qab qırıqları, Nəhəcir qalası ilə həmdövr olan dağıdılmış kurqandan e.ə. 2-cı minnilliyin əvvəllərinə aid monoxrom boyalı gil qablar əldə edilmişdir. Dağın cənub və şimal ətəklərindəki terraslarda iri qaya parçalarından siklop tipli müdafiə sədləri tikilmişdir. Divarların eni 2-2,5 m-dir. Qalanı Nəhəcir dağının cənub ətəyindəki düzən sahədə yaşamış və iqtisadi, mədəni cəhətdən inkişaf etmiş qədim tayfalar düşmən basqınlarından müdafiə məqsədilə tikmişlər.

       Ocaqtəpə - Babək rayonunun Xalxal kəndi yaxınlığında, Naxçıvançayın sol sahilində orta əsrlərə aid yaşayış yeridir. 1971-ci ildə qeydə alınmışdır. Uzunsov formalı hündür təpədən ibarətdir. Sahəsi təqribən 20 ha. Yaşayış yerinin üst hissəsində daşdan əmək alətlərinin, şirli və şirsiz saxsı fraqmentlərinə rast gəlinmişdir. Arxeoloji tədqiqatlar erkən orta əsr laylarını göstərsə də, əldə olunmuş tapıntılar son dövrlərə aiddir. Mədəni təbəqənin qalınlığı 5 m-dəkdir. Daş bünövrə üzərində çiy kərpicdən hörülmüş tikili qalıqları, bişmiş kərpıc, xeyli şirli və şirsiz gil qab məmulatı qalıqları və s. arxeoloji materiallar aşkara çıxarılmışdır. Tapıntılar Naxçıvan Dövlət Tarix Muzeyində saxlanılır. Abidə 3-15-ci əsrlərə aid edilir.

   

      Oğlanqala Yaşayiş Yeri - Abidə Şərur rayonununda, Oğlanqala kəndinin şimal-şərq qurtaracağında Qaratəpə adlı dağın üzərində yerləşir. Yaşayış yeri 1936-cı ildə Ə.K.Ələkbərov tərəfindən qeydə alınmışdır. Abidə Dəmir dövününə aiddir. Yaşayış yerinin mgkkəzi hissəsində Narınqala yerləşir. Narınqalanın sahəsi 320 kv. m, yaşayış yerinin bütövlükdə sahəsi isə 40 hektara yaxındır. Narınqalanın ətrafına terraslar boyunca bir neçə cərgə divar çəkilmişdir. Qala divarları bəzi yerlərdə yarımdairəvi, bəzən isə girintili-çıxıntılı ziqzaqlarla möhkəmləndirilmişdir. Divarların tikintisində bəzən bir neçə ton ağırlığı olan daşlardan istifadə edilmsişdir. Bəzi yerlərdə divarın hündürlüyü 3 metrə çatır. Qala divarının içərisində ona bitişik dördkünc formalı bina qalıqları vardır. Qala divarlarına bitişik binalar həm də müdafiə məqsədi daşımışdır.

1988-1989-cu illərdə Azərbaycan EA Naxçıvan Elm Mərkəzinin ekspedisiyası V.B.Baxşəliyevin rəhbərliyi ilə Oğlanqalada 280 kv.m. sahədə qazıntı aparmışdır. Qazıntı zamanı dörd tikinti qatı aşkar edilmişdir. Birinci tikinti qatı e.ə. IX-VIII, ikinci e.ə. VIII-VII, üçüncü e.ə. VII-VI, dördüncü e.ə. VI-IV əsrlərə aid edilmişdir.

Tədqiqat zamanı aşkar olunmuş materialların əksəriyyəti saxsı məmula­tından ibarətdir. Bu tapıntılar arxeoloji materialların mədəni mənsubiy­yətinin və abidənin tarixinin müəyyənləşdirilməsi üçün olduqca əhəmiyyətlidir. Bu tip qablar Naxçıvanın, Cənubi Azərbaycanın və Zaqafqaziyanın həmdövr abidələri içərisində özünə geniş bənzərlər tapır. Belə qablar I Kültəpədən, III Nəhəcirdən, Həsənlidən, Pasarqaddan, Suzdan və Urartu abidələrindən məlumdur.

2008-ci ilin iyudunda Oğlanqalada AMEA Naxçıvan Bölməsı və ABŞ-ın Corciya Universiteti əməkdaşlarının V.B.Baxşəliyevin rəhbərliyi yeni tədqiqatlar başlanmışdır.  Araşdırmalar zamanı Oğlanqalanın tarixi ilə bağlı yeni maddi mədəniyyət nümunələri aikar olunmuşdur. Qala-şəhərin tikintisi ilə bağlı mixi yazının aşkar olunması xüsusilə maraqlıdır. Tədqiqat əsasən qalanın Narınqala hissəsində aparpılmışdır. Müəyyən olunmuşdur ki, Narınqalada relyeffdən asılı olaraq mədəni təbəqə 5,4 m dərinliyədək davam edir. Tədqiqat zamanı 1988-1989-cu illərdə aşkar olunan sütunlu salonun bir qismi təmizlənmiş, yeni sütun altlıq ları aşkar olunmuşdur.  Tapıntılar  yerli tayfaların qədim yazı və hesab sistemindən istifadə etdiyini təsdiq edir. Bu tapıntılar Azərbaycanda ilk dəfə aşkar olunduğu üçün olduqca əhəmiyyətlidir. Ilkin araşdırmalar mixi yazıların e.ə. VIII əsrə aid olduğunu göstərir.

Oğlanqaladan aşkar olunan əsas maddi mədəniyyət nümunələri keramika məmulatından ibarətdir. Bu nümunələr qonşu Assuriya və Urartu ölkələrin maddi mədəniyyətindən özünəməxsus xüsusiyyətləri ilə fərqlənir. Naxçıvanda Orta və Son Tunc dövründə geniş yayılan Boyalı qablar mədəniyyətinin təsiri Oğlanqala materiallarında özünü göstərir. Tədqiqat zamanı müəyyən edilmişdir ki, həm qazıntılardan aşkar olunan, həm də  yerüstü materiallar arasinda gtniş yayılan boyalı qablar Dəmir dövünə aiddir.

Aparılan araşdırmalar zamanı yaşayış yerinin indiyədək qalmış arxitekturasının planı çıxarılmış, onun topoplanı hazırlanmış və abidənin fəaliyyət dövrü müəyyənləşdirilmişdir.

Aparılan araşdırmaların nəticələrinə dayanaraq demək olar ki, Oğlanqala Dəmir dövrünə aid qala-şəhər olmuşdur. Oğlanqala ətrafdakı Dəmir dövrü yaşayış yerlərinin mərkəzi olmuşdur. Şərur rayonu ərazisində bu qala-şəhər öz möhtəşəmliyinə görə Dəmir dövrünün bənzəri olmayan bir abidəsidir. Aşkar olunan maddi mədəniyyət nümunələri, xüsusilə yüksək keyfiyyətli keramika məmulatı, mixi yazılar, hesab sisteminin mövcud olması, ən başlıcası isə sütunlu salonun varlığı Oğlanqalanın Şərurda naranan qədim dövlətin mərkəzi olduğunu təsdiq edir. Ilkin araşdırmalara əsasən demək olar ki, bu dölətin özünəməxsus dili və mədəniyyəti olmuş və o yaddelli işğalçılara qarşı inadlı mübarizə aparmışdır. Aparılmış tədqiqatlar Oğlanqala yaşayış yerinin əsas fəaliyyət dövünü e.ə. IX-IV əsrlərə aid etməyə imkan verir.

       

        Sarıbulaq Yurd Yeri - Şərur rayonu ərazisində eyniadlı oba yerindən təqribən 5 km cənubda orta əsrlərə aid arxeoloji abidə olan Sarıbulaqda  kəşfiyyat qazıntıları nəticəsində divar qalığı aşkara çıxarılmışdır. Ərazidən bir neçə təndir qalığı, saxsı qablar və digər maddi mədəniyyət nümunələri də tapılmışdır. Əldə olunmuş materiallara əsasən, yurd yerinin 9-18-ci əsrlərə aid olması ehtimal edilir.